Dekabrın 21-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər.
"DM" xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev bəyanatla çıxış edib.
Prezident İlham Əliyevin bəyanatı:
- Hörmətli cənab Prezident.
Hörmətli qonaqlar.
Xanımlar və cənablar.
Bir ay bundan əvvəl Prezident Vuçiçin dəvəti ilə mən Serbiyada rəsmi səfərdə olmuşam. Fürsətdən istifadə edərək mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Eyni zamanda, təəssüratlarımı bölüşmək istəyirəm. Prezident Vuçiçin rəhbərliyi ilə Serbiyada olan vəziyyət, gedən inkişaf məni çox təsirləndirdi. Prezident Vuçiçin uzaqgörən siyasəti nəticəsində Serbiya hərtərəfli inkişaf edir, həm şəhərsalma sahəsində, eyni zamanda, iqtisadi və sənaye inkişafı sahəsində, kənd təsərrüfatı sahəsində. Bu, bizim gələcək əməkdaşlığımız üçün yeni imkanlar yaradır. Çünki həm Serbiya, həm Azərbaycan öz resurslarına arxalanan ölkələrdir, müstəqil siyasət aparan ölkələrdir və bir-biri ilə sıx əlaqədə olan ölkələrdir.
Şadam ki, əziz dostum mənim dəvətimi qəbul edib və bir ay keçmədən Bakıya səfər edib. Bu onu göstərir ki, əlaqələrimizin dinamikası doğrudan da çox müsbətdir. Biz keçən ay Belqradda qəbul etdiyimiz qərarların tezliklə yerinə yetirilməsini arzulayırıq. Nəinki arzulayırıq və eyni zamanda, hökumət üzvlərinə bu qərarların icra edilməsi ilə əlaqədar müvafiq göstərişlər verildi. Bilirəm ki, bu ay ərzində bizim müvafiq strukturların rəhbərləri bir-biri ilə təmasda olmuşlar və bu gün bu təmaslar davam edir. Bir sözlə, biz istəyirik ki, bundan sonra da ikitərəfli əlaqələr sürətlə inkişaf etsin və qəbul edilmiş qərarlar vaxt itirmədən icra olunsun.
Bir çox sahələr üzrə əməkdaşlığın artıq böyük tarixi var. İlk növbədə bildirməliyəm ki, Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar, strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanmışdır. Biz hər zaman bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik, dəstəkləyirik və bu siyasət dəyişməz olaraq qalacaq. Biz beynəlxalq hüququn tərəfdarıyıq və əminik ki, ölkələr arasında münasibətlər ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimlənə bilər. Bu sahədə dünyada müşahidə olunan ikili standartların təzahürləri, əlbəttə ki, bizi çox narahat edir. Beynəlxalq hüququn norma və prinsipləri bütün ölkələr üçün əsas olmalıdır.
Belə gözəl strateji tərəfdaşlıq münasibətlərindən və eyni zamanda, şəxsi dostluq münasibətlərimizdən istifadə edərək, əlbəttə, biz ümid edirik ki, bütün sahələrdə bunun nəticəsi olacaq, ilk növbədə, ticarət sahəsində. Əminəm ki, əldə edilmiş razılaşmaların icrası nəticəsində ticarət dövriyyəsi artacaq, hələ ki, o, istənilən səviyyədə deyil. Nəqliyyat-logistika sahəsində böyük potensial var. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan və Serbiya ərazilərindən beynəlxalq nəqliyyat dəhlizləri keçir, burada da uzlaşma və bağlantının yaradılması üçün bizim müvafiq qurumlar fəal işləməlidir. Aidiyyəti qurumlar arasında təmaslar artıq yaranıbdır.
Təbii ki, energetika sektoru əməkdaşlığımızın bir hissəsidir. Son vaxtlar bu sahə daha böyük əhəmiyyət kəsb edir. Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə ixrac edilir, həmçinin Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə. Həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar var, müvafiq danışıqlar aparılmışdır. Gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əminəm ki, əməli addımlar atılacaqdır.
Onu da bildirməliyəm ki, dörd gün bundan əvvəl Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün müvafiq saziş imzalanmışdır. Qara dənizin dibi ilə çəkiləcək kabel Azərbaycanı bu sahədə də Avropa üçün önəmli təchizatçı kimi təsdiqləyəcək. Bütün bunlar yeni imkanlar, yeni üfüqlər açır və biz bu sahədə, əlbəttə ki, ikitərəfli formatda və çoxtərəfli formatda əməkdaşlıq edəcəyik.
Serbiyada səfərdə olarkən biz, eyni zamanda, müdafiə sənayesi sahəsi ilə bağlı müvafiq göstərişlər verdik. Bu sahədə də hər iki ölkədə potensial var və bu potensialın birləşdirilməsi üçün praktiki addımların atılması da gözlənilir.
Bir sözlə, ikitərəfli əlaqələrə bir daha nəzər salarkən görürük ki, bütün sahələrdə bu əlaqələr dostluq və qarşılıqlı anlaşma üzərində qurulmuşdur. Əminəm ki, biz gələn ili də bu ab-hava şəraitində keçirəcəyik. Çünki bu il ikitərəfli əlaqələrimiz üçün çox uğurlu olub. Həm qarşılıqlı iki səfər, eyni zamanda, bizim nümayəndə heyətlərinin üzvlərinin təmasları və bütövlükdə Serbiya-Azərbaycan əlaqələrinin gələcəyi ilə bağlı ancaq nikbin fikirdə olmaq olar. Buna görə də biz çox şadıq və əziz dostum Prezident Vuçiçə də bu dostluğa görə təşəkkürümü bildirirəm. Bir daha xoş gəlmisiniz.
"DM" xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.