Rəcəb Tayyib Ərdoğan: Camal Kaşıkçı planlaşdırılmış cinayətin qurbanı olub
23.10.2018
Jurnalist Camal Kaşıkçının öldürülməsi faktı sübut olunub və cinayətin əvvəlcədən planlaşdırıldığı müəyyən edilib.
Anadolu informasiya agentliyi xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxışı zamanı bildirib.
"Qətlin dəqiqliklə planlaşdırılmasına dair sübutlar mövcuddur. Oktyabrın 1-də (qətldən bir gün öncə) İstanbula Səudiyyə Ərəbistanı vətəndaşlarından ibarət üç qrup gəlib. Onlar baş konsulluqda olub, həmçinin Belqrad meşəsinə və Yalova əyalətinə kəşfiyyata gediblər”, - deyə prezident vurğulayıb.
Türkiyə liderinin sözlərinə görə, Ər-Riyaddan gələn mütəxəssislər Camal Kaşıkçının öldürüldüyü gün Baş konsulluqdakı bütün video-müşahidə sistemlərini söndürüb, sərt disklərdəki faylları siliblər.
Rəcəb Tayyib Ərdoğan Ər-Riyada Səudiyyə Ərəbistanında həbs olunan şəxslərin İstanbulda məhkəmə qarşısına çıxarılmasını təklif edib: "Mən Səudiyyə Ərəbistanı kralının ədalətli olduğuna şübhə etmirəm. Biz sonadək vəziyyətin gedişini nəzarətdə saxlayacağıq. Hadisə İstanbulda baş verdiyi üçün krala və Səudiyyə Ərəbistanı rəhbərliyinə Ər-Riyad tərəfindən həbs olunan 18 şəxsin burada mühakimə olunmasını təklif edirəm”.
Bir qədər əvvəl Türkiyənin bəzi KİV-ləri "Vətən” partiyasının rəhbəri Doğu Perinçekə istinadla Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunun ərazisindəki quyuda jurnalist Camal Kaşıkçının cəsədinin fraqmentlərinin aşkarlandı barədə məlumat yayıb. Hələlik bu informasiya rəsmən öz təsdiqini tapmayıb.
Xatırladaq ki, Camal Kaşıkçı oktyabrın 2-də sənədləşmə ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda gəlmiş və həmin vaxtdan itkin düşmüşdü. Oktyabrın 20-də Səudiyyə Ərəbistanının baş prokurorluğu jurnalistin konsulluqda öldüyünü təsdiqləmiş və buna diplomatik missiyada yaranan mübahisənin səbəb olduğunu bildirmişdi.