Rezidenturanı bitirən həkim-mütəxəssislər təyinat alıblar - FOTO
19.12.2022
Səhiyyə Nazirliyində rezidentura təhsilini bitirən həkim-mütəxəssislərin təyinatı və iş yerlərinə göndərilməsi həyata keçirilib.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, həkim-mütəxəssislərin bir hissəsi bölgələrdə işləməyə üstünlük veriblər.
Əksəriyyəti isə Bakı şəhərində yerləşən tibb müəssisələrini, o cümlədən "Yeni Klinika”, Mərkəzi Neftçilər Xəstəxanası, Elmi Cərrahiyyə Mərkəzi, Analitik Ekspertiza Mərkəzi, Milli Onkologiya Mərkəzi, Mərkəzi Klinika, V.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Respublika Neyrocərrahiyyə Xəstəxanası, Respublika Klinik Xəstəxana, Respublika Uşaq Klinik Xəstəxanası, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, QİÇS-lə mübarizə Mərkəzini, eyni zamanda Bakı şəhəri üzrə digər tibb mərkəzlərindəki vakant həkim vəzifələrini seçiblər və onlara həmin tibb müəssisələrinə göndəriş verilib.
Naxçıvan Muxtar Respublikasında (MR) yaşayan həkim-mütəxəssislərin iş yerlərinə göndərilməsi ilə bağlı Naxçıvan MR-in Səhiyyə Nazirliyinə müraciət olunub.
Qanunvericiliyə uyğun olaraq, təyinat üzrə iş yerlərinə göndəriş verilən həkim-mütəxəssislər əmək fəaliyyətlərini 3 il müddətində həmin tibb müəssisəsində davam etdirməlidirlər.
Növbəti tədris ilindən etibarən təyinatın elektron xidmət vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur. Bununla bağlı Səhiyyə Nazirliyi tərəfindən normativ sənəd layihəsi hazırlanıb və təsdiq olunduqdan sonra tətbiq ediləcəkdir.