“Formula-1”: Azərbaycan Qran-prisinin biletləri satışa çıxarılıb
15.12.2022
Bu gün "Formula-1” üzrə 2023-cü il Azərbaycan Qran-prisi üçün bilet satışına start verilib.
"DM" xəbər verir ki, "Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) "early bird” erkən bilet satışına başlayıb.
İndidən bilet əldə etmək istəyən azarkeşlər yanvarın 15-dək davam edəcək 20 faiz erkən satış endirimindən yararlana biləcəklər.
"Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) təşkilatçılığı ilə 2023-cü il "Formula-1” Azərbaycan Qran-prisinə bilet satışı ilə bağlı mətbuat konfransında çıxış edən BŞH-nin Satış və Kommersiya departamentinin rəhbəri Səbri Gülmalıyev bildirib ki, avtoidman yarışı Azərbaycan vətəndaşları üçün daha əlçatan edilib. Belə ki, Bakıda yarış biletləri beynəlxalq qiymətlərlə müqayisədə iki dəfəyədək daha sərfəlidir:
"Erkən bilet satışı dövründə ayaqüstü biletlər 40 manatdan 120 manatadək, tribuna biletləri 160 manatdan 690 manatadək, azyaşlılar üçün biletlər isə 110 manatdan 480 manatadək təklif olunacaq”.
Qeyd edək ki, yeddinci dəfə Bakıda təşkil olunacaq Qran-pri gələn il aprelin 28-30-da keçiriləcək. Yarış çərçivəsində ilk dəfə sprint yarışı da baş tutacaq.