Səhiyyə Nazirliyi: Dərmanlarla bağlı hökumətə təklif verilib
14.12.2022
Səhiyyə Nazirliyi ölkədə dərman çatışmazlığı məsələsinə münasibət bildirib.
Nazirlikdən bildirilib ki, Nazirlik əhalinin dərman vasitələrinə əlçatanlığının təmin edilməsi üçün zəruri tədbirlərin görülməsini diqqətdə saxlayır və hər hansı bir çətinlik yarandıqda qanunvericiliyin imkan verdiyi çərçivələr daxilində operativ fəaliyyətlər həyata keçirir.
"Dərman idxalı ilə əsasən özəl biznes subyektlərinin məşğul olmasına baxmayaraq, əczaçılıq sahəsində yeganə tənzimləyici qurum olan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən səlahiyyətləri çərçivəsində lazımi addımlar atılır. Belə ki, Nazirliyin məsul şəxsləri zərurət olduqda iri dərman idxalçıları ilə görüşlər keçirir, onların problemlərini dinləyir, müxtəlif məsələlərdə, həmçinin daha çox ehtiyac duyulan dərman və tibbi vasitələrin gətirilməsinə dair müzakirələr aparır. Hansısa konkret ölkənin istehsal etdiyi dərman vasitəsinin çatışmazlığına gəlincə, qeyd edək ki, Azərbaycana bu ilin yanvar ayından etibarən 73 ölkədən dərman idxal edilib. Bununla belə, qlobal təchizat zəncirində baş verən qırılmalar, regiondakı məlum hadisələr digər ölkələrdə olduğu kimi, Azərbaycanın dərman bazarında da qısamüddətli müəyyən çətinliklar yaradıb. Əvvəlcədən görülən ehtiyat tədbirləri nəticəsində proqnozlaşdırılan riskləri minimumlaşdırmaq mümkün olub. Hazırda daxili bazarın dərman təminatında hər hansı bir çətinlik müşahidə edilmir" - deyə qeyd olunub.
Həmçinin bildirilib ki, dərman vasitələrinin qeydiyyat sisteminin təkmilləşdirilməsi ilə bağlı hazırlanmış təkliflər paketi hökumətə təqdim edilib və bu sahədə yekun təhlillər aparılır.
"O ki qaldı dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məsələsinə, bununla əlaqədar aidiyyəti qurumlar arasında yaradılmış işçi qruplarda mütəmadi müzakirə aparılır" - deyə cavabda qeyd edilib.
Qeyd edək ki, bir müddətdir ölkədə bəzi dərmanların tapılmadığı deyilir. "153” pharm-inform servis xidmətindən aldığımız məlumata görə, bu gün əsasən Ukrayna və Rusiyadan gələn dərmanlarla bağlı ciddi problemlər var. Məsələn, "Nurofen" siropları, "Aspirin kardio" tapılmır, böyrək üçün adi "5-NOK" çoxdandır gəlmir, mədə üçün "Tibbi öd", solkoserillər, "İmodium", "Loperamid" yoxdur.