Bakı Piter görüşü öncəsi Xankəndini gündəmə gətirib
14.12.2022
Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin əsas vəzifəsi təhlükəsizliyi təmin etməkdir. Bu təhlükəsizliyə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin işi çərçivəsində Ankaradan olan hərbçilər də fəal töhfələrini verirlər.
Bu fikirləri rusiyalı tanınmış siyasi analitiki Vitali Arkov bildirib.
"Bu, çox çətin gündəlik işdir, çünki aydındır ki, onilliklər boyu davam edən düşmənçilikdən sonra iki qonşu xalq bir-birinə yalnız silahın nişangahından baxıb. Ermənistan və Azərbaycanda milyonlarla insanın şüurunu dərhal dəyişdirmək, şübhəsiz ki, vacib sənədlər altında imzalar atmaqla obyektiv olaraq mümkün deyil. Ancaq sülh prosesi başlanıb, o, tədricən hərəkət edir və heç kim onu dayandıra bilməz. Bu prossesi nə Ermənistan tərəfinin kriminal və destruktiv siyasi ünsürləri, nə də onların əlləri ilə Cənubi Qafqazda xarici qüvvələr – həm Qərb, həm də Azərbaycan və Ermənistanın qonşusu dayandıra bilər.
Bu günlərdə Xankəndi yaxınlığında baş verən hadisələr dinc xarakter daşıyır və mən çox ümid edirəm ki, təxribatçılar aksiyada iştirak edənlər sırasına düşə bilməyəcək – təxribatçıların məqsədi qan tökmək və sonradan həlli çətin ola biləcək nəticələr əldə etməkdir. Məhz buna görə də mən Azərbaycanın güc strukturlarına müraciət etmək istəyirəm ki, orada olan bütün insanların "tikanlarını” yoxlayaraq vəziyyəti nəzarət altında saxlasınlar.
Yeri gəlmişkən, aksiya iştirakçıları iradlarını birbaşa sülhməramlı əsgərlərə və hətta general-mayor Andrey Volkova ünvanlayırlar. Müstəqil olaraq sülməramlıların aksiya iştirakçılarının istədiklərini yerinə yetirmək hüququ yoxdur. Buna görə də mən baş verənləri Bakı tərəfindən dekabrın sonunda Sankt-Peterburqda keçiriləcək MDB ölkələri liderlərinin qeyri-rəsmi sammitindən əvvəl Qarabağda faydalı qazıntıların çıxarılması məsələsinin əhəmiyyətinin artırılması kimi qiymətləndirirəm. Yeri gəlmişkən, Rusiya prezidenti azərbaycanlı həmkarı, eləcə də erməni baş naziri ilə telefon danışıqları aparıb və əminəm ki, bu məsələ də müzakirə olunub”, - deyə həmsöhbətimiz bildirib.