21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Güney Milli Hərəkatı hədəflərini açıqlayıb

06.12.2022

Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının başqanı Eldar Qaradağlının  müsahibəsi:

- Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı necə yarandı və hədəfi nədir?

- Güney Azərbaycan Milli Qurtuluş Hərəktı 1990-cı ildə bir neçə tanınmış Azərbaycan şəxsiyyəti, o cümlədən Dr. Zehtabı, Həsən Dəmirçi və başqaları tərəfindən yaradıldı. Bugünkü Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı onun uzantısıdır, demək olar. Hərəkatın amacı Güney Azərbaycanın tam istiqlalı, Bütöv Azərbaycanın bərpasıdır. Bizim üçün 1813 və 1828 təslimnamələri rus imperiyasının Azərbaycan türk millətinə basqı gücü ilə imzalanmış qanunsuz və sümürücü bir anlaşmadır. İdeyamızın təməlində Azərbaycan türkçülüyü dayanmaqdadır. Hazırda təşkilatın təməllərinin möhkəmləndirməsinə çalışırıq. Əsasnamə, nizamnamə və Güney Azərbaycan dövlətinin özət proqramını yaymışıq. İnternet vasitəsilə keçirilən təsis qurultayımıza hardasa güneyli-quzeyli 100-ə yaxın nümayəndə qatılmışdı. Mən 17 nəfərdən etibarən idarə heyətinin başqanıyam.

- "İki cümhurbaşqanımıza açıq məktub”unuz maraqla qarşılandı...

- Əslində, o məktubun yazılma səbəbi geniş kütləyə çatmaqdır. Sözsüz ki, iki qardaş ölkənin başçılarına ünvanlanan məktubun açıq olmasının səbəbi bundan ibarət idi. Məktub açıq istəklər ortaya qoyub. 8 bənddən ibarət məktubda Güney Azərbaycanda acil nələrin olması qeydə alınıb. Biz düşünürük ki, məktub öz ünvanlarını tapıb və tam olmasa da, nisbi hədəflərinə çatıb.

Məktubun əsas mahiyyəti türkyönlü olmasının önə çıxmasıdır. Belə ki, (Güney) Azərbaycan Milli Hərəkatının istər daxildə, istərsə xaricdə, istər subyektiv, istərsə də obyektiv, yalnız və yalnız bir yönü var - o da heç şübhəsiz türk yönü: Azərbaycan yarımız və Türkiyə qardaş dövlətimizdir.

Azərbaycan Milli Hərəkatının İran mərkəzli fars faşizmi ilə ilişkiləri yalnız milli savaş meydanındadır. Güney Azərbaycanın yardım, istək, giley üçün üz tutacaq mərkəzləri varsa, o da Bakı və Ankaradır. Bu üzdəndir ki, yönləndirici "Təbriz-Bakı-Ankara, biz hara, farslar hara!” şüarı heç tərəddüd etmədən milyonlarla gəncimizin dilindən düşmür. Məktubun 5 variantda yazılması sadəcə türk dünyası üçün deyil, fars faşizminə və ingiliscə oxuyanlara çatmasına görədir.

- Bir neçə gün sonra "21 Azər” hərəkatının 77-ci il dönümüdür. Bu il necə bir "21 Azər” ildönümü gözlənilir?

- Heç şübhəsiz ki, İran adlanan ölkədə yaşanan inqilab havasının əsintiləri Azərbaycanda da əsməkdədir. Ancaq bu dəfə Azərbaycan öz gələcəyini qurmaq və qorumaq üçün iki cəbhə savaşını da birlikdə idarə etməyə çalışır. Azərbaycan Milli Hərəkatının aparıcı siyasi rəhbərliyi tutuqlu həyat sürür. Milli fəallarımızın böyük kəsiminin ailəsini dolandırmaq üçün Güney Azərbaycandan fars bölgələrinə köçməsi müşahidə olunur. Yenə əsas aparıcı qüvvələrin uşaqları hədələnir və evdən çıxmamaları istənilir. Rejim min bir bəhana yoluyla Azərbaycan Milli Hərəkat fəallarını susdurmağa çalışır. Bəs deyilmiş kimi, ordu gücündə özəl polislərini Təbrizdə hər an hazır tutmaqdadır.

Bütün bunlara baxmayaraq, bu il Azərbaycan Milli Hökumətinin ildönümü üçün Güney Azərbaycan çalxalanır. Arzulayardım ki, bu çalxalanma böyük milli ayaqlanmanın başlanğıcı olsun. GAMQH-a gəlincə, əsas çəyirdəyi içəridə olan bir neçə qurumla birlikdə "21 Azər”dən başalayaraq çağırış yaymışıq. Bu çağırışlarda "Azadlıq, Ədalət, Milli hökumət!” şüarı ilə yanaşı, "Təbriz-Bakı-Ankara, biz hara, farslar hara!”, "Güney Azərbaycan İran deyil!” və uyğun şüarların səslənməsi istənilib. Eyni zamanda GAMQH və Azərbaycan Evi Birliyi tərəfindən Höteborq şəhərində böyük tədbirin keçirilməsi də nəzərdə tutulub.

- Eldar bəy, sizin bu mövzuda fikriniz maraqlıdır: İranda hazırda nə baş verir?

- Bu, böyük bir cavab istəyir. Bütün bölgəni, Rusyanı, ABŞ-ı, AB-ni, Türkiyə və Azərbaycan Respublikasını, İsraili ələ almadan İran adlanan ölkənin taleyini müəyyən etmək bir o qədər real olmaz. Ancaq yəqin demək olar ki, Azərbaycan Respublikasının yüksəlişi ilə İran farsçı rejimin çöküşü danılmaz fakt kimi bölgənin bütün yenidən qurulmasında böyük rol oynayacaq. Bu rejimi saxlamaq istəyənlərin sayı hər gün azalmaqdadır. Çünki rejimin çürümüş içi bütün dəngə axtaran güclərin ümidlərini aradan qaldırmaqdadır. Rejim artıq çatlar üstündə deyil, partlamaqda olan vulkan üzərində qurtuluş axtarır. Bu haqda daha geniş müsahibəyə hazıram..