Ceyhun Bayramov Çexiya xarici işlər naziri ilə görüşüb
01.12.2022
Dekrabrın 1-də xarici işlər naziri Ceyhun Bayramov Polşanın Lodz şəhərində keçirilən ATƏT-in Nazirlər Şurasının 29-ci iclası çərçivəsində Çexiya xarici işlər naziri Yan Lipavski ilə görüşüb.
XİN-dən verilən xəbərə görə, görüş zamanı, Azərbaycan Respublikası və Çex Respublikası arasında ikitərəfli əlaqələrin dinamik şəkildə inkişafından məmnunluq ifadə edilib və mövcud münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı qeyd edilib.
Nazir Ceyhun Bayramov ölkəmizlə Çex Respublikası arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.
Nazirlər, iki ölkə arasında siyasi məsləhətləşmələrin davam etdirilməsinin əhəmiyyətini qeyd edib, bir sıra sahələrdə, o cümlədən enerji təhlüləsizliyi, iqtisadi-ticarət sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri üzrə fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov həmkarına bölgədə münaqişə sonrası mövcud vəziyyət, Azərbaycanın bölgədə sülh quruculuğu istiqamətində atdığı addımlar, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, habelə davam edən mina təhdidləri barədə məlumat verib.
Görüşdə tərəflər, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.