İzmirdəki meqalayihəmiz açılır: TARİXİ GÜN
19.10.2018
SOCAR-ın Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, "Petkim PetroKimya Holding A.Ş.”nin ərazisində tikilən "Star” neft emalı zavodu bu gün fəaliyyətə başlayır.
"Dövran Media" xəbər verir ki, Türkiyənin emal olunmuş neft ehtiyacının 25 faizini qarşılayacaq zavodun real sektorun bir sahəyə qoyduğu ən böyük investisiya olduğu qeyd olunub.
Məlumata görə, illik 10 milyon ton xam neft emal etmək gücünə malik zavod bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçiriləcək açılış mərasimi ilə fəaliyyətə başlayacaq.
"Star” Türkiyədə ilk dəfə Strateji Təşviq sənədi alan şirkət kimi tarixə düşüb. Zavod Türkiyənin hər il neft məhsulları idxalından 1.5 milyard dollar qənaət etməsinə zəmin yaradacaq.
İnşaatında 3 mindən artıq mühəndis, 14 ölkədən 19 min 500 işçinin çalışdığı zavod fəaliyyətə başladıqdan sonra 1100 nəfəri işlə təmin edəcək.