NATO Baş katibi: Rusiyanın bəhanələri tamamilə qəbuledilməzdir
29.11.2022
Rusiyanın Ukraynada apardığı müharibə üçün gətirdiyi bəhanələr tamamilə qəbuledilməzdir.
"DM" xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Aspen-GMF Buxarest Forumunun sual-cavab sessiyasında deyib.
Alyansın Baş katibi bildirib ki, Moskvanın Ukraynadakı milli azlıqlar, dil qanunu barədə qaldırdığı məsələlər işğalçılıq üçün bəhanə ola bilməz: "Ukrayna demokratik, suveren, müstəqil ölkədir. Onun sərhədləri beynəlxalq səviyyədə tanınıb, hətta Rusiya də bu sərhədləri tanıyıb. Siz müzakirə olunan dillə bağlı qanunu bəhanə gətirərək qonşu ölkəyə qarşı işğalçı müharibəyə başlaya bilməzsiniz. Bu tamamilə səhv yanaşmadır. Müxtəlif Avropa ölkələrində müxtəlif etnik azlıqlar yaşayır, onların bəzilərinin narazılıqları var. Mən deyə bilmərəm ki, bu narazılıqlar səhvdir və ya düzdür. Lakin siz düşünməyə başlasanız ki, bu narazılıqlar müharibəyə başlamaq üçün bəhanə ola bilər, minlərlə insanı öldürə bilərsiniz, şəhərləri, mülki obyektləri bombalaya bilərsiniz, o zaman bu tamamilə qəbuledilməzdir və bütün Avropa üçün dərəcədə təhlükəlidir. Bu, işğalçılıq üçün bəhanə ola bilməz”.
Stoltenberq qeyd edib ki, İkinci Dünya müharibəsindən sonra Avropada sülh qorunub saxlanılıb: "Bəli, biz etiraf etmişik ki, fikir ayrılıqlarımız ola bilər, ancaq biz bunu aradan qaldırmaq üçün müzakirələr aparmışıq. Bunun üçün Venesiya Komissiyası, Avropa Şurası var, ikitərəfli razılaşmalar var. Rusiyanın qaldırdığı məsələlər işğalçılıq müharibəsi üçün bəhanədir və qəbuledilməzdir”.
Baş katib NATO-nun genişlənməsinin Rusiyaya qarşı olmadığını vurğulayıb: "Bu, suveren xalqların seçimidir, onların özlərini təhlükəsiz etməsi üçündür. Bu, Rusiyaya qarşı hər hansı təxribat deyil, azad, demokratik seçimdir, siyasi iradədir. Baltik ölkələri və ya Rumıniya NATO-ya qoşuldu. Bu o demək deyil ki, Alyans onlara qoşulmaq üçün təzyiq etdi. Putin suveren xalqların seçimini inkar edə bilməz. Putin demokratiyadan qorxur, bu, onun üçün əsas problemdir”.