"Multikulturalizm bizim üçün həyat tərzidir. Ancaq yenə də əgər biz ətrafda gedən hadisələrə, Avropada, Yaxın Şərqdə, digər bölgələrdə ayrı-seçkiliyə, ksenofobiyaya rəvac verən, güclənən amillərə nəzər salsaq görərik ki, bizim bu sahədəki siyasətimiz təkcə ölkə daxili üçün deyil, dünya üçün də çox önəmlidir”.
Bunu Azərbaycan prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxışında bildirib. Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycan dünya miqyasında multikultural ideyaların təbliği işində nümunəvi ölkə kimi tanınır: "Təsadüfi deyil ki, məhz bizim təşəbbüsümüzlə Azərbaycanda bu mövzu ilə bağlı bir çox mötəbər beynəlxalq tədbirlər keçirilib. Bu il 10 illiyini qeyd edəcəyimiz "Bakı Prosesi” bu gün BMT tərəfindən yüksək qiymətləndirilir və dəstəklənir. Onun da təşəbbüskarı biz olmuşuq. Avropa məkanını müsəlman aləmi ilə yaxınlaşdırmaq istəyimiz böyük nəticə verməsə də, hər halda müsbət tendensiyalara təkan verir. Biz öz siyasətimizi bu istiqamətdə davam etdirəcəyik. Yenə də deyirəm, ölkə daxilində hər hansı bir əlavə addımların atılmasına ehtiyac yoxdur. Ancaq biz bu şərəfli missiyanı beynəlxalq miqyasda davam etdirəcəyik”./apa/