"Dağlıq Qarabağ problemi postsovet məkanında ən təhlükəli münaqişədir"
19.10.2018
Azərbaycanın Los Ancelesdəki baş konsulunun Ermənistanın işğalçılıq siyasətinə dair məqaləsi ABŞ mətbuatında dərc olunub.
"Dövran Media" xəbər verir ki, Baş konsulluqdan Trend-ə verilən məlumata görə, ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun gələn həftə Cənubi Qafqaza edəcəyi səfəri fonunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin yazdığı məqalə 18 oktyabr 2018-ci il tarixində Birləşmiş Ştatlarda geniş şəkildə oxunan, xüsusilə siyasi dairələrdə daim izlənən "The Daily Caller" qəzetində dərc olunub.
"Dağlıq Qarabağda davamlı sülhə ümid varmı?" başlıqlı məqalədə C.Boltonun gələn həftə Cənubi Qafqaza səfəri çərçivəsində münaqişənin müzakirə olunacaq əsas məsələlərdən biri olduğunu qeyd edən baş konsul sözügedən münaqişənin regionda sülh və sabitliyə əsas təhlükə olmaqda davam etdiyini vurğulayır. N.Ağayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında ətraflı məlumat verərək, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləməyə dair konkret faktları diqqətə çatdırır və bu münaqişənin postsovet məkanında ən təhlükəli münaqişə olduğunu bildirir.
N.Ağayev müqayisə üçün qeyd edir ki, işğal olunmuş ərazilərimizin sahəsi Los Anceles şəhərinin ərazisindən 13 dəfə böyükdür və ya ABŞ-ın Konnektikut ştatının ərazisinə bərabərdir
Baş konsul bildirir ki, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, həmçinin digər beynəlxalq təşkilatların müvafiq sənədlərinə baxmayaraq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən qanunsuz hərbi işğalı hələ də davam edir.
O, münaqişənin həllində ən əsas maneənin Ermənistanın işğal olunmuş ərazilərimizdən öz qoşunlarını çıxartmaqdan imtina etməsi və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmalarına imkan verməməsi olduğunu vurğulayır.
N.Ağayev qeyd edir ki, ABŞ-ın Ermənistandakı səfiri Riçard Mils də bu yaxınlarda Ermənistan mətbuatına verdiyi müsahibəsində münaqişənin həlli üçün ilk növbədə Azərbaycanın işğal olunmuş ərazilərinin geri qaytarılmalı olduğunu bildirib.
Baş konsul daha sonra Ermənistanın demoqrafik böhran yaşadığını, on minlərlə erməni gəncinin ölkəni tərk edərək xarici ölkələrə mühacirət etdiyini, bu xüsusda 1991-ci ildən bəri təxminən 1,5 milyon insanın Ermənistanı tərk etdiyini vurğulayır. Ermənistanda yoxsulluq həddinin 30 faizə yaxınlaşdığını və bu göstəricinin Cənubi Qafqaz ölkələri arasında ən yüksək rəqəm olduğunu qeyd edən N.Ağayev BMT-nin statistikasına əsasən 2050-ci ilədək Ermənistanı daha 1 milyon insanın tərk edəcəyini bildirir.
Baş konsul Ermənistandan fərqli olaraq, Azərbaycanın regionda ən güclü iqtisadiyyata sahib olduğunu, çoxlu sayda nəhəng enerji və qitələri birləşdirən nəqliyyat layihələrini gerçəkləşdirdiyini və qlobal enerji təhlükəsizliyinə önəmli töhfələr verdiyini yazır. Bundan başqa o, ABŞ-ın regionda əsas strateji tərəfdaşı olan Azərbaycanın ABŞ-ın beynəlxalq terrorizmlə mübarizə və enerji mənbələrinin şaxələndirilməsi səylərinə güclü dəstək verdiyini qeyd edir. N.Ağayev, həmçinin ölkəmizdə müsəlmanlar, xristianlar və yəhudilərin birgə sülh, harmoniya və qarşılıqlı hörmət şəraitində yaşadıqlarını diqqətə çatdırır.
Diplomat davamlı sülhün əldə olunması üçün Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasətindən əl çəkməli və konstruktiv şəkildə danışıqlarda iştirak etməli olduğunu bildirir.
Sonda N.Ağayev ABŞ-ın Azərbaycan və Ermənistan arasında davamlı sülh və anlaşmanın əldə olunması istiqamətində səylərini artıracağına ümidvar olduğunu qeyd edir.