Fransada yaşayan azərbaycanlılar bəyanat yayıblar
24.11.2022
Fransada yaşayan azərbaycanlılar bəyanat yayıblar.
"DM" xəbər verir ki, bəyanatda deyilir:
"Biz, Fransa azərbaycanlıları Fransa Milli Assambleyası tərəfindən 28 noyabr 2022-ci il tarixində müzakirəyə çıxarılacaq, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə xidmət etməyən və regionda sülhyaratma prosesinə kölgə salan 388 saylı qətnamə layihəsini hüquq və ədalət baxımından son dərəcə təhlükəli təşəbbüs hesab edərək qəti etirazımızı bildirir və layihə müəlliflərinin belə qərəzli yanaşmasını kəskin şəkildə qınayırıq.
Bildiririk ki, bu addım hər şeydən əvvəl Fransada uzun illərdir yaşayan və fransız cəmiyyətinə inteqrasiya etmiş, həmçinin Fransanı özünə yaxın bilən hər bir azərbaycanlı üçün ağır mənəvi zərbədir. Bu layihə hər şeydən əvvəl fransızların tarixən mövcud olmuş "Azadlıq, bərabərlik, qardaşlıq” ideyasına, əxlaqa və normal siyasi məntiqə tamamilə ziddir. Dünyaya insan azadlığı, demokratiya və hüquq bərabərliyi ilə bağlı nümunə olmağa çalışan bir ölkənin Milli Assambleyasının beynəlxalq hüququn ümumqəbul edilmiş norma və prinsiplərini və mənəvi qaydaları kobud şəkildə pozaraq belə bir sənədi müzakirəyə çıxarmasını siyasi cəhətdən yanlış addım olmaqla yanaşı, həm də böyük ədalətsizlik hesab edirik”.
Bəyanatda bildirilib ki, öz azadlığı, suverenliyi, ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparan Azərbaycan kimi bir ölkəyə olan bu haqsızlıq bütövlükdə demokratiyaya qarşı ədalətsizlik və haqsızlıq kimi qəbul edilməlidir:
"Bu da öz növbəsində nə beynəlxalq hüquqa, nə də elementar məntiqə sığır.
Layihə müəlliflərinə üz tutaraq bildiririk ki, məlum qətnamə layihəsi ilə siz multikulturalizm dəyərləri ilə yaşayan bir ölkədən - Azərbaycandan üz döndərərək, totalitar, monoetnik bir dövlət olan işğalçı Ermənistana öz dəstəyinizi göstərmiş olursunuz.
Təəssüf hissi ilə xatırladırıq ki, 30 illik erməni işğalı dönəmində yüz minlərlə azərbaycanlının doğma yurdlarından didərgin salınmasına, təməl insani haqlarından məhrum edilməsinə, minlərlə həmvətənimizin ermənilər tərəfindən qətlə yetirilməsinə, amansız işgəncələrə məruz qalmasına göz yuman, illərdir yaşayıb uğurla fəaliyyət göstərdiyimiz bir ölkə tərəfindən belə qərəzli yanaşma birinci dəfə deyil ki, nümayiş etdirilir.
Belə ki, tarixi Vətənimiz Azərbaycan təkcə erməni işğalçılarına qarşı 2020-ci ildə Vətən müharibəsi günlərində apardığı haqq savaşında deyil, eyni zamanda Birinci Qarabağ müharibəsində (1991-1994-cü illər) də Fransa dövləti və hökumətinin qərəzli münasibəti və ədalətsizliyi ilə üzləşib. Həmçinin bir neçə gün əvvəl parlamentin yuxarı Palatası olan Senat tərəfindən də müvafiq qətnamənin qəbul edilməsi Fransanın ədalət anlayışının nə qədər "ədalətli” olduğunu bir daha sübut edir.
Əvvəlcə Senat tərəfindən qəbul edilmiş qətnamə, indi də parlamentin aşağı palatasının belə bir layihəni müzakirəyə çıxarmaqla heç bir hüquqa və ədalətə sığmayan şərtlər irəli sürərək Azərbaycanı ittiham etməsi tarixi riyakarlıq və absurd kimi dəyərləndirilməlidir”.
Həmçinin vurğulanıb ki, təcavüzə məruz qalan Azərbaycanın deyil, terrorçu Ermənistanın yanında yer alan və onun Vətənimizə qarşı ərazi iddialarını dəstəkləyən Fransa, bununla növbəti dəfə beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozmaqda, erməni faşizmini açıq şəkildə müdafiə etməkdədir:
"Aydındır ki, Cənubi Qafqazdakı hərbi-siyasi vəziyyəti gərginləşdirməyə, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının qarşısını almağa hesablanan məlum qətnamə layihəsi iki ildir ki, 10 noyabr Bəyanatına əməl etməyən, davamlı olaraq ölkəmizə qarşı terror və təxribatçılıq siyasəti həyata keçirən Ermənistanı öz bəd əməllərini davam etdirməyə, Ermənistandakı revanşist qüvvələri həvəsləndirməklə qarşıdurma meyllərini gücləndirəcək və bölgədə sülh, sabitlik və tərəqqiyə mane olacaq.
Digər tərəfdən, bunu da unutmaq olmaz ki, Azərbaycan Fransanın qeyri-rəsmi lider olduğu Avropa İttifaqının (Aİ) "Şərq Tərəfdaşlığı” Proqramının üzvüdür. Milli Assambleyanın bu layihəsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə ciddi təhdid, yeni işğalçılıq fəaliyyəti və müharibə üçün rəy formalaşdırmağa, təbliğata ciddi cəhddir. Assambleya nəzərə almalıdır ki, Fransanın bu addımı regionda sülhün bərqərar olması, etimad mühitinin formalaşdırılması, Ermənistan ilə Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşması məqsədilə Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilmiş üçtərəfli görüşlərin nəticəsinə etimadsızlıq yaratmaqla Aİ Şurasına qarşı fəaliyyət göstərmiş olur. Fransa bununla üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməkdən yayınaraq belə məsələlərdə Avropa İttifaqının istənilən qurumunun vasitəçiliyinin üzərinə kölgə salır ki, bu da gələcəkdə Aİ-nin perspektivinə problem yaratmağa, qurumu etibarsız təşkilata çevirməyə xidmət etməkdən başqa bir şey deyil”.
"Fransa azərbaycanlıları bir daha bəyan edir ki, Fransa Milli Assambleyası onun adına rüsvayçılıq olan bu qətnamə layihəsinin qəbul edilməsindən imtina edərək tarixi səhvini düzəltməli, terrorçu Ermənistanın haqsız iddialarını müdafiə etməklə Cənubi Qafqazda yeni bir qarşıdurmanın baş verməsinə təkan verməməlidir. Hüququn da, ədalətin də tələbi hər kəs üçün aydındır və Fransa da hamı kimi bu tələbə hörmətlə yanaşmalıdır.
Son olaraq Assambleya üzvlərini Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərinə dəvət edərək, erməni vandalizminin şahidi olmağa və bundan sonra "ədalətli yanaşma” prinsipini bir daha nəzərdən keçirməyə çağırırıq”, - bəyanatda qeyd edilib.