Abdullahiyan: İranın Azərbaycan Respublikasının torpaqlarında gözü yoxdur
23.11.2022
Biz Azərbaycan və Ermənistanı İranın qonşuları hesab edirik.
"DM" xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.
"Münasibətlərimizi heç vaxt bir tərəfin digərindən üstünlüyü ilə tənzimləmirik”, - İran XİN rəhbəri qeyd edib.
O, ötən ay Ermənistana səfər etdiyini xatırladıb və əlavə edib ki, Ermənistanın Baş naziri Paşinyan isə Tehrana səfər edib, Azərbaycanın bəzi media dairələri buna reaksiya verib.
"Mən təkidlə vurğulayıram ki, biz Azərbaycan və Ermənistanı İran İslam Respublikasının iki qonşusu hesab edirik. Bu, qarşılıqlı maraqlara və qonşularla münasibətlərdə prioritet siyasətə əsaslanır”, - Hüseyn Əmir Abdullahiyan vurğulayıb.
Nazirin sözlərinə görə, İranın qonşu dövlətlərin, o cümlədən Azərbaycan Respublikasının torpaqlarında heç bir marağı, gözü yoxdur: "Lakin biz Qafqaz regionunun bütün aktorlarına açıq şəkildə bəyan etmişik ki, regionda baş verəcək hər hansı geosiyasi dəyişiklik dövlət tərəfindən ciddi reaksiya ilə qarşılanacaq”.
Hüseyn Əmir Abdullahiyan deyib ki, belə bir fikrin olmadığına dair onları əmin ediblər.
"Biz Azərbaycan və regionun digər ölkələri ilə münasibətlərimizi qonşuluq, qardaşlıq prinsipi ilə davam etdiririk”, - XİN rəhbəri diqqətə çatdırıb.