Tramp: “Mən bunu etmək istəmirəm”
18.10.2018
ABŞ Prezidenti Donald Tramp çərşənbə günü bildirib ki, itkin düşmüş səudiyyəli jurnalist Camal Qaşıqçının öldürülməsi barədə fərziyyələrə baxmayaraq, "Səudiyyə Ərəbistanı ilə tərəfdaşlıqdan geri çəkilmək” istəmir.
Türkiyənin hakimiyyət orqanları Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürülməsini bildirəndən sonra Amerika cəmiyyətində Prezidentə təzyiq artmaqda davam edir.
"Fox Business Network” nəşrinə müsahibə verərkən "ABŞ körfəzdəki yaxın müttəfiqi ilə əlaqələri kəsəcəkmi?” – sualına: "Mən bunu etmək istəmirəm”, - deyə cavab verən Tramp ümidvar olduğunu bildirib ki, jurnalistin yoxa çıxmasında Səudiyyə Ərəbistanı liderlərinin əli olmayıb.
ABŞ dövlət katibi Mayk Pompeo bildirib ki, "Washington Post” qəzetində çalışan, Səudiyyə şahzadəsi Məhəmməd bin Salmanın qatı əleyhdarı kimi məşhur olan jurnalistin yoxa çıxması barədə təhqiqatı başa çatdırmaq üçün Ər-Riyada daha bir neçə gün vaxt vermək lazımdır.