Cahit Bağcı: “Qarşılıqlı xarici ticarətin 15 milyard dollara çatdırılması hədəflənir”
23.11.2022
"Bir çox şeyin müzakirəsinə ehtiyac duyulan vaxtda bir forum təşkil olundu. Mövcud vəziyyəti və hədəfləri müzakirə edərkən, bununla bərabər, fürsət pəncərəsini də yaxşı dəyərləndirmək vacibdir, onu etmək üçün isə problemlərin üstünə getməyin faydalı olacağını düşünürəm.
Məlumdur ki, Türkiyə-Azərbaycan xarici ticarətinin 15 milyard dollara çatdırılması hədəflənir. Bu gün gəldiyimiz nəticə belədir ki, son dörd il ərzində ticarət dövriyyəsi 3,6-dan 5,2 milyarda çatıb. Bu nailiyyət önəmlidir, amma qarşımızdakı problemləri görməzdən gələ bilmərik”.
"DM" xəbər verir ki, bunu "Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” adlı V Forumda çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.
Səfir hələ də Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmaması məsələsinə də diqqət çəkib:
"Azərbaycan Vətən müharibəsindəki Zəfəri ilə bölgədə və qlobal aləmdə yeni bir fürsət pəncərəsi yaradıb. Üçtərəfli Bəyanatdan iki il keçib. Hələ də ortada sülh müqaviləsi, danışıqlar masasında delimitasiya və demarkasiya ilə bağlı nəticə yoxdur. Bu təmin edilmədən Orta Dəhlizin inkişaf etdirilməsi mümkün deyil.
Ötən illərdə Cənub dəhlizində bir gəmi Süveyş kanalını bağladı və qlobal iqtisadiyyata ciddi ziyan vurdu. Bu problem qiymətlərə təsir göstərdi. Bəzi şirkətlər müflis oldu.
Hazırda Rusiyanın Ukraynaya hücumu nəticəsində Şimal dəhlizində də problem var. Nəticədə Avropadan, Türkiyə, Gürcüstan, Azərbaycan üzərindən Xəzər keçidli bir fürsət pəncərəsi - Şərq-Qərb xətti var, onun üzərindəki problemlər aradan qaldırılmalıdır”.
Cahit Bağçı vurğulayıb ki, ticarət əlaqələri çeşidləndirilməlidir:
"Daim müzakirə etdiyimiz məsələ tranzit keçid qiymətləri başda olmaqla vergilər, xüsusilə gömrük vergilərinin gözləmə müddətləri, ən önəmlisi də Xəzərdən keçid qiymətləridir. Onlar nəzərdən keçirilmədikcə, ticarətin qarşısındakı əngəllər ləğv olunmadıqca Azərbaycanın bir fürsət pəncərəsinə çevrilmə ehtimalını təkrar-təkrar müzakirə etmək vacibdir.
Azərbaycan ən güclü potensialı olan ölkədir. Tarixi İpək yolunun kəsişmə nöqtəsində olan Azərbaycan böyük fürsətlərə malikdir.
Bu gün Türkiyə-Azərbaycan ticarəti daha çox neft və qazdan ibarətdir. Ondan kənar ticarətimizin həcmi göz qabağındadır. Biz bu ticarəti çeşidləndirmək istəyirik. Digər istiqamətlərdə də Azərbaycan iqtisadiyyatı zənginləşəcək. Çünki ciddi inkişaf potensialına malikdir. Xalqın rifah səviyyəsi bu yolla daha da yüksələr. Bu istiqamətdə Türkiyə ilə Azərbaycan arasında ciddi əməkdaşlıq var. Üzərimizə düşən hər bir işi görməyə hazırıq”.