Nikolun Putinə “sürprizi”: “persona non qrata”
23.11.2022
İrəvanda KTMT-nin bu gün Xarici İşlər Nazirləri Şurası, Müdafiə Nazirləri Şurası, Təhlükəsizlik Şurası Katibliyinin Komitəsi və Kollektiv Təhlükəsizlik Şurası sessiyası keçiriləcək.
"DM" xəbər verir ki, Rusiya lideri Vladimir Putinin də iştirak edəcəyi sammit öncəsi Rusiyaya qarşı aksiyaların keçiriləcəyi barədə yayılan informasiya özünü doğruldur.
Hələ bir neçə gün öncə Baş nazir Paşinyanın sammit ərəfəsində Rusiyaya qarşı aksiyalara dəstək verəcəyi, bununla da KTMT-yə Ermənistanda xoş münasibətin olmadığını görüntüləyəcəyi bildirilmişdi. Bu isə Qərbin Ermənistanda başlatdığı prosesin davamıdır. Belə ki, Paşinyan Ermənistanın "təhlükəsizliyi” baxımından KTMT-nin heç bir iş görmədiyi təəssüratını gücləndirməklə, ölkəsində xüsusilə Rusiyaya qarşı münasibət formalaşdırma ssenarisini həyata keçirir. Məqsəd isə Ermənistanı KTMT və Aİİ-dən ayıraraq, Qərbə istiqamətləndirməkdir.
Paşinyanın dar çərçivədə Ermənistanın KTMT-dən ayrıla biləcəyi haqda mesaj verdiyi də mediaya sızmışdı. KTMT Baş katibliyinin Azərbaycan-Ermənistan məsələsinin təşkilatın müzakirə mövzusu olmadığı, problemin üçtərəfli bəyanatlar əsasında, sülhlə nizamlanmasını dəstəklədiyini açıqlamasından sonra Paşinyan komandası quruma qarşı daha aktiv təbliğatla məşğuldur.
Putinin İrəvana bugünkü səfəri zamanı da Rusiyaya qarşı aksiyalar sanksiyalaşdırılmışdı, ancaq bu aksiyalarda Rusiya lideri üçün sürprizlər də var.
Belə ki, aksiya iştirakçıları bu yürüş-mitinqlərə Fransa, ABŞ və Ukrayna bayraqları ilə çıxdılar. Bu isə Rusiyaya nifrətin simvoludur. Həmçinin Putinin Ermənistanda "arzulanmaz şəxs” olduğu şüarı səsləndi və plakatlar qaldırıldı.
Aksiyaçıların hədəfində Putinlə bərabər, Belarus Prezidenti Aleksandr Lukaşenko da var. Bu isə Rusiya-Belarus ittifaqına qarşı Ermənistanda təşkil olunmuş bir aksiyadan xəbər verir.
Putinin bu gün İrəvana səfəri ərəfəsində eyniməzmunlu aksiyaların davam edəcəyi, hətta etirazçıların KTMT sammitinin keçirildiyi əraziyə yaxınlaşmağa çalışacaqları istisna edilmir.
Paşinyan Ermənistanda KTMT-yə son "zərbəni” vurmağa hazırlaşır. Belə ki, bir neçə gündür sərhəddə və Azərbaycan daxilində Azərbaycan ordusunun mövqeləri ardıcıl atəşə tutulur və gərginlik yaradılır. Rusiyalı ekspertlər bunu düşünülmüş plan sayırlar və hesab edirlər ki, bu gərginliyin yaradılmasında məqsəd Paşinyanın KTMT sammitində Azərbaycana qarşı mövqe tələb etməsinə bəhanə formalaşdırmaqdır. Ancaq əlbəttə ki, daha bir gərginlik arzulamayan Rusiya bu təşəbbüsə qarşı çıxacaq. Bu isə Paşinyan komandasına ölkə daxilində Rusiyaya qarşı təbliğat üçün əlavə fürsət verəcək.
Artıq rus ekspertlər bu aksiyaların Putinə qarşı deyil, ümumilikdə Rusiyaya qarşı (həm də rusofob) olduğu haqda rəylər səsləndirirlər...