Brayza: Blinken Bakıya zəngi ilə bunu sübut edib
18.11.2022
Fikrimcə, Entoni Blinkenlə İlham Əliyev arasında iki gün əvvəl baş tutan telefon danışığı, eləcə də Filip Rikerin Senatın Xarici Əlaqələr Komitəsində səsləndirdiyi fikirlər və İrəvana səfər edən general-mayor Daniel Lasikinin bəyanatları Vaşinqtonun Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı danışıqlara kömək etmək üçün əlindən gələni etməyə kökləndiyini göstərir.
Bu sözləri ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Metyu Brayza deyib.
Diplomat ölkəsinin Qarabağ məsələsinin həllinə əvvəlki dövrlərdən daha çox çalışdığını və bunda maraqlı olduğunu vurğulayıb:
"İndiki məqamda ABŞ iki ölkə arasında sərhədlərin müəyyən edilməsi sahəsində razılığın əldə olunmasını və Cənubi Qafqazda sabitliyin yaranmasını istəyir. Rusiya isə Gürcüstanda olduğu kimi, Ukraynada və bütün dünyada böyük qeyri-sabitlik yaradır. Ona görə də rəsmi Moskva Bakı və İrəvana daimi sülh yaratmağa kömək etmək iqtidarında deyil. Beləliklə, hesab edirəm ki, ABŞ-ın prosesdə bu qədər yüksək səviyyədə iştirak etməsi çox yaxşı haldır. Minsk Qrupunun həmsədri olduğum dövrdə dövlət katibimiz, hətta prezidentimiz Cənubi Qafqaza və Qarabağ münaqişəsinə lazımi səviyyədə diqqət ayırmırdı. Məhz buna görə indi hadisələrin bu cür inkişafından məmnunam. General-mayor Lasikinin İrəvana səfərini siyasi bir addımın işarəsi kimi qəbul edirəm. Bayden administrasiyası da çox yaxşı bilir ki, Azərbaycanla bu qədər yüksək səviyyədə əlaqələrə malik olsa da, Ermənistanla da yaxşı münasibətlər saxlamalıdır. Çünki ABŞ-da siyasi reallıq budur”.
Qeyd edək ki, noyabrın 16-da ABŞ Konqresi Senatının Xarici Əlaqələr Komitəsində "Cənubi Qafqazda ABŞ siyasətinin qiymətləndirilməsi” mövzusunda dinləmələr keçirilib, eyni zamanda həmin gün Entoni Blinkenlə İlham Əliyev arasında telefon danışığı olub. Dünən isə ABŞ-ın Avropa Komandanlığının Strategiya, Planlaşdırma və Siyasət üzrə direktoru general-mayor Daniel Lasiki Ermənistana səfər edib.