21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Azadlıq nədir? - Ağaoğlunun CAVABI

18.10.2018

Ə.Ağaoğlu: "Hə, görürük. Əsarətin görünən bağlarını qırmısan. Ancaq iç zəncirlərini də söküb atmısanmı?”
Azərbaycan xalqının milli istiqlalının memarlarından olan böyük fikir adamı Əhməd bəy Ağaoğlunun bu fikirləri 1930-cu ildə İstanbulda qələmə aldığı "Azad insanlar ölkəsində” adlı kitabından götürülüb. Böyük düşüncə adamı Əhməd bəy Ağaoğlu azadlığı hər hansı inzibati dövlət əsarətində qurtulmaqda deyil, məhz insanın fərdi düşüncə azadlığında görür. Azadlıq düşüncəsinin aktuallığını itirdiyi bir zamanda Ə.Ağaoğlunun azadlıq düşüncəsi aktuallığını qoruyub saxlayır. Məhz hazırki cəmiyyətimizdə insanların əksəriyyəti üçün "İç zəncirini söküb atmısanmı” sualı öz aktuallığını qoruyub saxlamaqdadır.
Cəmiyyətimizdə genetik nökərçilik psixologiyasından azad ola bilməyən insanlar hələ də az deyil. Bir sözlə, azadlıq düşüncəsi ilə nökərçilik düşüncəsi qarşı-qarşıyadır. Gələcək nəsilləri azad ruhda böyütmək üçün biz ağaoğlular nəslinin azadlıq düşüncəsini dərindən öyrənməliyik.

Ə.Ağaoğlu "Azad insanlar ölkəsi”ndə deyir:

"Mən bir əsir idim;

azad olmaq istədim.

Zəncirlərimi qırdım, qala divarını deşdim və açıqlığa çıxaraq, dərindən nəfəs aldım. Önümdə geniş bir çöl vardı. Hara gedəcəyimi, necə davranacağımı bilmirdim. Çaşqın-çaşqın bir neçə addım atdım. Bir də gördüm ki, iki yolun ayrıcındayam və yerə basdırılmış bir dirəyin üstündəki bu yazını oxuyuram:

"Sol tərəfə gedən yol Azadlıq yoludur. Sağ tərəfə gedən yol köləlik yoludur”.

Sol tərəfi tutdum, səhərə qədər getdim.

Dan yeri ağaranda gördüm ki, bir qalanın önündəyəm. Qala qapısının üzərinə qızıl hərflərlə yazılmış bu sözləri oxudum: "Sərbəst insanlar ölkəsi”.

"Əsl mən istəyən yerdir”, - deyib qapıdan içəri girmək istədim. Keşikçilər yolumu kəsdilər:

- Sən kimsən? Hardan gəlib haraya gedirsən?

- Mən bir əsir idim, zəncirimi qırıb buraya gəldim. İndi azad olmaq istəyirəm, - dedim.

Keşikçilər diqqətlə baxdılar. Boynumda zəncirin, qollarımda buxovların izləri bəlli idi.

- Hə, görürük. Əsarətin görünən bağlarını qırmısan. Ancaq iç zəncirlərini də söküb atmısanmı? – deyə soruşdular.

Anlamadım.

- Elə isə bu suallara cavab ver:

1. Tamahına yiyə durursanmı?

2. Doğrunu sevirsənmi?

3. Həqiqətə dözümün varmı?

4. Ləyaqət sahibisənmi?”

Ə.Ağaoğluna görə, azadlıq - tamahına sahib olmaq, doğrunu sevmək, həqiqətə qarşı dözümlü olmaq və ləyaqət sahibi olmaqdan keçir.