İlham Əliyev: “Qarabağda yaşayan ermənilərlə danışıqlara hazırıq, bunun Paşinyana aidiyyəti yoxdur”
17.11.2022
"Hesab edirəm, vacib odur ki, Ermənistan əslində istədiyini açıq şəkildə elan edir. Əgər onlar Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu, alınmayacaq”.
Bu sözləri Prezident İlham Əliyev noyabrın 17-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi, Avropa İttifaqının və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxslərinin daxil olduğu nümayəndə heyətini qəbul edən zaman deyib.
"Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib. Biz Qarabağda yaşayan və orada yaşamaq istəyən insanlarla söhbətə hazırıq. Biz buna hazırıq. Yeri gəlmişkən, bu proses başlayıb. Əgər elə indicə qeyd etdiyim bəzi ölkələrdən, yəni, kənardan müdaxilə olmasa və həmin prosesi dayandırmaq cəhdləri edilməsə, onda hesab edirəm ki, proses daha dinamik gedə bilərdi. Lakin bunun Paşinyana və onun hökumətinə heç aidiyyəti yoxdur. Artıq söylədiyim kimi, Azərbaycan, Avropa İttifaqı, Birləşmiş Ştatlar və Rusiya arasında, yəni, Azərbaycanın bu işdə yardımçı ola bilən hesab etdiyi həmin ölkələr və qurum arasında konsensus olmalıdır”, - dövlət başçısı qeyd edib.