Prezident: Bizə Ermənistanın tam aydın mövqeyi lazımdır
17.11.2022
"Biz məlum beş prinsipdən ibarət sülh və bir növ çərçivəni təklif etdik. Məhz biz delimitasiya komissiyasını yaratmağı təklif etdik. Məhz biz münasibətlərin normallaşdırılması üçün əsasları müəyyən etməyə çalışdıq. Ermənistan bu prosesin ilkin mərhələsində çox tərəddüd edirdi. İndi isə onlar sülh haqqında danışırlar, lakin biz onların anlamında sülhün nə olduğunu anlamırıq”.
"DM" xəbər verir ki, bunu Prezident İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
"Bununla belə, bizim mövqe çox aydındır. Bu, dəfələrlə ictimaiyyət qarşısında, o cümlədən mənim Avropa Komissiyasının rəhbərliyi və normallaşma prosesində iştirak etmiş, hazırda iştirak edən ölkələrin, yəni, Birləşmiş Ştatların və Rusiyanın liderləri ilə kontaktlarım zamanı qeyd olunub. Bizim iki yolumuz olmalıdır: Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması prosesi və həmçinin hüquqlar və təhlükəsizlik baxımından Azərbaycanda, Qarabağda erməni azlığına aid məsələlər. Elə dünən dövlət katibi Blinken ilə mənim telefon danışığım olub. Biz bu haqda bir daha danışdıq. Biz tam anlayırıq ki, iki yol olmalıdır və onlar bir-birinə qarışmalı deyil. Lakin Ermənistandan gələn bəyanatlar çox ziddiyyətlidir. Onlar bizim ərazimizi və suverenliyimizi tanıdıqlarını söyləyirlər. Onlar bunu nəinki deyir, o cümlədən Praqada və Soçidə bunun altında imza da atırlar. Bu, bütün ərazimizin suverenliyi deməkdir. Hamımız suverenliyin nə olduğunu anlayırıq. Eyni zamanda, onlar Azərbaycanda erməni azlığına aid məsələləri sülh sazişinə salmaq istəyirlər. Bu, olmayacaq. Bu, mümkün deyil. Biz buna razılıq verməyəcəyik. Buna görə bizə Ermənistan hökumətinin öz gündəliyi ilə bağlı tam aydın mövqeyi lazımdır. Mən bu yaxınlarda dedim ki, əgər onlar sülh istəsələr, biz də sülh istəyəcəyik. Əgər onlar sülh istəmirlərsə, onda bu, onların seçimidir. Otuz il bizdə sülh olmayıb və bunun sonunun necə olduğunu Ermənistan yaddan çıxarmamalıdır”, - Prezident İlham Əliyev qeyd edib.