Rusiyada səfərbərliyə cəlb olunanlar qiyam qaldırıb
14.11.2022
Rusiyanın Moskva vilayətində, "Patriot” parkında cəbhəyə göndərilməyə hazırlanan əsgərlər qiyam törədib.
"DM" Musavat.com-a istinadən xəbər verir ki, hərbçilərdən biri əvvəlcə bölmə komandirini nalayiq formada söyüb, sonra isə onu vurub. Mobil telefonun kamerası ilə lentə alınan müvafiq video bazar günü müxtəlif Telegram kanallarında görünüb, lakin hadisənin dəqiq nə vaxt hazırlandığı məlum deyil.
Kadrlarda səfərbərliyə cəlb olunmuş əsgərlərin yüksək rütbəli bir zabiti (polkovnik-leytenantı) təhqir etdiyi açıq görünür. Əsgərlərin fikrincə, onlara hərbi əməliyyatlar üçün həqiqi təlimlər keçmək əvəzinə, sıra ilə yeriməyi və olmayan hədəflərə atəş açmağı öyrədirlər.
Üstəlik, əsgərlərə verilən sursat da təlimatlarda nəzərdə tutulduğu kimi deyil. Çağırışçılardan biri nitqini nalayiq ifadələrlə müşaiyət edərək deyir: "Müharibə zamanı dəstə şəklində yürüyəcəyik? Bu absurddur, atışma imitasiyasıdır, məşq imitasiyasıdır".
Daha sonra o, digər səfərbər olanların təsdiqedici nidaları ilə rəisdən əllərini cibindən çıxarmasını tələb edib. Çarəsiz vəziyyətdə olduğu görünən polkovnik-leytenant yalnız "bunu etmək olmaz” deməklə kifayətlənir.