TDT-yə üzv ölkələrin liderlərinin Zirvə görüşünün gündəliyi açıqlanıb
05.11.2022
Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatı (TDT) liderlərinin Zirvə görüşündə iqtisadiyyat, nəqliyyat və ticarət məsələləri müzakirə olunacaq.
"DM” "CNN Türk”ə istinadən xəbər verir ki, tərəflər həmçinin ikitərəfli və regional münasibətlər barədə fikir mübadiləsi aparacaqlar.
Məlumata görə, noyabrın 10-da Türk Dövlətləri Təşkilatının xarici işlər nazirləri görüşəcəklər. Bir gün sonra, noyabrın 11-də isə liderlər bir araya gələcək.
Toplantıda təşkilatın gələcək 5 illik fəaliyyəti ilə bağlı strateji fəaliyyət planı qəbul olunacaq.
Sammitdə 2009-cu il oktyabrın 3-də Türk Dövlətləri Təşkilatının Naxçıvanda keçirilmiş iclasından sonra qəbul olunmuş sənədə düzəlişlər edilməsi nəzərdə tutulur.
Zirvə toplantısı çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana "Türk Dünyası ali medalı" və Özbəkistanın milli medalı təqdim olunacaq.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatına Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan daxildir. Türkmənistan və Macarıstan isə müşahidəçi ölkələrdir.