Çöhrəqanlı: Artıq inqilab yetişir
04.11.2022
Baş verənlər İranın molla, faşist rejiminin ənənəvi mövqeyidir. Yavaş-yavaş pərdə yırtılır və rejimin xəyanətləri daha konkret şəkildə üzə çıxır.
Bu sözləri İranın Ermənistana dəstəyi haqqında danışan Güney Azərbaycan Milli Oyanış Hərəkatının rəhbəri Mahmudəli Çöhrəqanlı deyib.
O xatırladıb ki, Tehranın Birinci Qarabağ müharibəsi zamanı da Ermənistanı dəstəklədiyi hər kəsə bəllidir:
"İran Birinci Qarabağ müharibəsi dövründə də ermənilərin yanında olub. Tehranda rejimə yaxın olan güclərin də mənə bununla bağlı dediyi faktlar var. Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan demişdi ki, İranın yardımı olmasaydı, ölkə məhv olacaqdı. Bu yardımların arasında silah-sursat da var idi və torpaqlarımızın işğalında İranın izi, rolu var. Rejimin hədəfi və məqsədi Azərbaycanı zəif və axsaq görmək, buna müxtəlif vasitələrlə nail olmaqdır. Onlar istəyirlər ki, İranda yaşayan 35 milyon Azərbaycan türkü və digər türk boyları Arazın şimalına baxdıqları zaman zəif, gücsüz, səfil bir ölkə görsünlər, iyrənsinlər və birləşməyə həvəsləri olmasın. Yəni son nəticədə İran parçalanmasın. Bu rejim bizə və orada yaşayan digər türklərə qarşı hər zaman vəhşicəsinə, faşist kimi rəftar edib. Soydaşlarımız orada ən ibtidai, minimum haqlarından məhrumdurlar. Türklər İranda ümumi əhalinin 55 faizini təşkil edir. Orada tarix boyu türk dövlətləri qurulub, türklər öz canları, qanları bahasına farsların canını, malını, namusunu qoruyublar”.
Çöhrəqanlı bildirib ki, 1925-ci ildə Pəhləvilər ABŞ və İngiltərənin köməyi ilə Qacarları devirib hakimiyyətə gələndən sonra xalqımıza zülm edib:
"Şeyx Məhəmməd Xiyabaninin yaxınları həbslərdə öldürüldü, onları küçələrdə qatır və atlara qoşub sürüdülər. 1946-cı ildə milli hökumətimiz devriləndə 35 min soydaşımız qətlə yetirildi. Mən isə 1995-1996-cı illərdə Təbrizdən 673 min səs toplamağıma rəğmən, millət vəkili ola bilmədim və həbs edildim, işgəncələr, travmalar yaşadım. Məqsəd də bəlli idi.
Ancaq İranın istəkləri həyata keçmədi. Hazırda qarşılarında dünyanın ən güclü ordularından birinə sahib, demokratik, müasir və beynəlxalq aləmdə getdikcə mövqelərini qüvvətləndirən, öz torpaqlarını işğaldan azad edən bir Azərbaycan Cümhuriyyəti var. Bu isə İran rejimini sarsıdır. İndi Cənubdakı soydaşlarımız Şimala həsrətlə baxır. İranda hakimiyyət azərbaycanlıların hesabına ayaq üstə dayanıb. SEPAH, "Bəsic” və ETTELAAT-ın yarısı, ordunun 60-70 faizi, bütün universitetlərdə professorların əksəriyyətini azərbaycanlılar təşkil edir. Hər sahədə azərbaycanlılar çoxluqdadır. Lakin hansı azərbaycanlılar? Ən ibtidai hüquqlarından məhrum edilmiş, diskriminasiya və assimlyasiyaya uğramış azərbaycanlılar. Milli və siyasi şüura malik olmağımızı, oyanmağımızı istəmirlər. Ona görə Azərbaycandakı müqəddəs dövlətimizə, müstəqilliyimizə qarşı bütün addımları atırlar.
Hazırda soydaşlarımız baş verən haqsızlığa və Azərbaycanımıza qarşı edilənlərə etiraz edirlər. Təbriz ayaq üstədir, Kərəcda tarix yazılır. Hədis Nəcəfinin 40 mərasimi ilə bağlı böyük mitinqlər oldu. Gedişat yaxın zamanda İranda inqilabın baş verəcəyini göstərir. İnanıram ki, qısa müddətdə Cənubdakı soydaşlarımız da öz müstəqilliklərini elan edəcək və dövlət quracaqlar. Tarixi məqam yetişəndə isə xalqımızın iradəsi və istəyi ilə Cənub və Şimal birləşəcək”.