ABŞ bu dövlətlər arasında müzakirələri təmin etmək üçün çalışmağa davam edəcək
02.11.2022
"Biz növbəti aylarda ikitərəfli şəkildə, tərəfdaşlarımız və çoxtərəfli təşkilatlar vasitəsilə Ermənistan və Azərbaycan arasında müzakirələri sürətləndirmək, təmin etmək üçün işləməyə davam edəcəyik".
"DM" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays mətbuat brifinqində deyib.
Soçidə baş tutan Azərbaycan, Ermənistan və Rusiya liderlərinin görüşü ilə bağlı sualı cavablandıran Ned Prays ABŞ-ın bu görüşdə iştrakçı olmadığını vurğulayıb: "Təbii ki, biz bu görüşün iştirakçısı deyildik. Ona görə də bu barədə danışmaq bizə düşməz. Lakin dövlət katibi Blinken bunu dəfələrlə, o cümlədən iki xarici işlər nazirini Nyu-Yorkda bir araya gətirərkən vurğulayıb ki, biz Ermənistan-Azərbaycan sülhünə və iki ölkə arasında danışıqlara sadiqik. Biz inanırıq ki, birbaşa dialoq məsələlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır və yeri gəlmişkən, hər iki ölkə də sülh istədiklərini bəyan edir. Beləliklə, biz növbəti aylarda Ermənistan və Azərbaycan arasında müzakirələri asanlaşdırmaq, təmin etmək üçün ikitərəfli, tərəfdaşlarla və çoxtərəfli təşkilatlar vasitəsilə işləməyə davam edəcəyik".