DTX-nin əməliyyatında saxlanılan nazir müavininin DOSYESİ
01.11.2022
Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirdiyi bildirilib.
İddia edilib ki, əməliyyat zamanı nazir müavini Elnur Əli oğlu Əliyev saxlanılaraq, istintaqa cəlb edilib.
"DM" saxlanılan nazir müavininin dosyesini təqdim edir:
Elnur Əli oğlu Əliyev 1979-cu ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr (1999-cu il) və magistr (2001-ci il) dərəcələrini əldə edib. 2009-2013-ci illərdə Böyük Britaniyanın Mançester Biznes Məktəbinin Maliyyə üzrə Biznes İdarəedilməsi (MBA) proqramını bitirib.
Elnur Əliyev 2000-2004-cü illərdə Xarici İşlər Nazirliyində çoxtərəfli diplomatiya sahəsində çalışıb, bir sıra regional əməkdaşlıq qruplarına sədrlik edib.
Nazir müavini 2004-2008-ci illərdə Azərbaycanın Belçika Krallığındakı Səfirliyində işləyib.
O, 2008-2017-ci illərdə Ciddədə yerləşən İslam İnkişaf Bankına müxtəlif vəzifələrdə, o cümlədən beynəlxalq ticarətin maliyyələşdirilməsində MDB üzrə baş menecer vəzifəsində çalışıb.
Elnur Əliyev 2017-2020-ci illərdə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Səfirliyində ticarət nümayəndəsi vəzifəsində çalışıb.
2020-ci ildə Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri vəzifəsinə təyin edilib.
Elnur Əliyev 2021-ci ildə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edilib.
E. Əliyev ingilis, rus, fransız dillərində danışır.
Evlidir, üç övladı var.