Volodimir Zelenski Çexiyanın Baş nazirini Petr Fialanın səfəri çərçivəsində Kiyevdə Rusiya tərəfindən dağıdılan yaşayış və infrastrukturdan danışaraq, baş verənləri Avropada əsrin faciəsi adlandırıb.
O bildirib ki, Çexiya Ukraynaya yeni yardım paketləri hazırlayır. Zelenski oktyabrın 31-də Rusiyanın paytaxt Kiyev də daxil olmaqla, bütün Ukrayna vilayətlərinə yeni raket zərbələrindən danışıb.
Onun sözlərinə görə, Rusiya gün ərzində Ukraynaya 50-dən çox raket atıb.
Zelenski Rusiyanın Ukraynadan taxıl ixracı ilə bağlı danışıqlardan çıxmasına da toxunub.
O qeyd edib ki, bu, Rusiyanın məkrli siyasətidir və əmindir ki, sazişin imzalandığı məkan və tərəflərdən biri olan Türkiyə bu sazişin pozulmasını istəmir.
Ukrayna prezidenti ölkədən gedən ukraynalılarla bağlı da maraqlı açıqlama verib.
"Rusiyanın başlatdığı müharibəyə görə Ukraynanı tərk edən bütün ukraynalıların vətənə qayıtmalarını istəyirəm, lakin hamının təhlükəsizliyinə təminat vermək mümkün olmadığı üçün onlardan bunu tələb edə bilmərik. Bəli, biz insanlarımızın vətənə qayıtmasında çox maraqlıyıq. Mən bu gün müharibə səbəbindən müvəqqəti olaraq xaricə gedən Ukrayna vətəndaşlarından geri qayıtmalarını xahiş edə bilmərəm”, - deyə o bildirib.
Zelenski son günlər artan Rusiya raket və dron zərbələrinə qarşı hava hücumunun gücləndirilməsinə də toxunub:
"Biz tərəfdaşlarımızla birlikdə Ukrayna səmasının 100% mühafizəsini təmin etdikdə bu, yeni Avropa təhlükəsizlik sisteminin əsas təminatlarından birinə çevriləcək, çünki bu, Rusiyanı eskalasiya imkanlarının əhəmiyyətli bir hissəsindən məhrum edəcək”.
Qeyd edək ki, Çexiya baş naziri ilə Ukrayna prezidenti arasında tərəfdaşlıqla bağlı yeni sənədlər imzalanıb.