Hoces: Ukrayna artıq Krım savaşına hazırlaşır
01.11.2022
Ukrayna ordusunun cəbhənin müxtəlif istiqamətlərin əks-hücum əməliyyatlarının səngiməsinə baxmayaraq, işğal edilmiş ərazilər tədricən azad edilir. Ukraynanın tam işğaldan azad edilməsi 2023-cü ilin yayına qədər davam edəcək.
"DM" xəbər verir ki, bunu ehtiyatda olan general, ABŞ-ın Avropadakı qüvvələrinin keçmiş komandanı Ben Hoces deyib.
"Ukrayna təbii ki, Krım da daxil olmaqla, bütün ərazisi üzərində suverenliyini bərpa edəcək. Mən bunun gələn yayda baş verəcəyini gözləyirəm. Amma bundan əvvəl də, bu ilin sonuna qədər Ukrayna Rusiya ordusunu fevralda olduqları xəttə geri çəkəcək. Daha sonra Kiyev Krımın azad edilməsinə hazırlaşmaq üçün lazımi addımları nəzərdən keçirməyə başlayacaq”, - Hoces bildirib.
Onun sözlərinə görə, qışda Ukrayna Silahlı Qüvvələri rus qoşunlarından daha əlverişli şəraitdə olacaq, çünki döyüşlər arxa cəbhədə Ukrayna əhalisinin dəstəyi ilə öz doğma torpaqlarında davam edəcək. Bundan əlavə, Qərb tərəfdaşlarının yüksək motivasiyası və köməyi ukraynalılara əhəmiyyətli dərəcədə təsir edəcək:
"Rusiyanın isə təchizat sistemi tükəndiyi üçün indi döyüşə hazır olmayan, təlim keçməmiş, nizam-intizamsız şəxsləri göndərirlər. Bu da onların işini daha da çətinləşdirəcək”.