9 il günahsız həbsdə yatan Aydın Qəhrəmanov nə qədər təzminat alacaq?
01.11.2022
Ötən həftə Azərbaycanda, hətta dünya məhkəmə-hüquq sistemində nadir halda baş verən hadisələrdən biri qeydə alındı.
"Qafqazinfo” xəbər verir ki, Azərbaycanda ömürlük həbs cəzası almış məhkum 9 ildən sonra bəraət aldı. 2013-cü ildə birlikdə yaşadığı qadını və onun qardaşı qızını zəhərləyib öldürməkdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilmiş Aydın Qəhrəmanov Ali Məhkəmənin qərarı ilə azadlığa buraxıldı.
Məlumat üçün bildirək ki, 2013-cü ildə Bakıda Aida Yəhyayeva və onun qardaşı qızı Samirə Yəhyayevanın dərmandan zəhərlənərək ölmələri barəsində prokurorluğa məlumat daxil olub. Əvvəlcə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Aydın Qəhrəmanov təqsirləndirilən şəxs kimi tutulub. Daha sonra ona Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aydın Qəhrəmanov ömürlük azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb. Uzun çəkən məhkəmə və ekspertizalardan sonra şəxsə bəraət verilib. 53 yaşında tutulan A.Qəhrəmanov 62 yaşında məhkəmə zalından azadlığa buraxılıb.
Vaxtilə Türkiyə həbsxanalarının birində məhkumlar divara belə bir şüar yazmışdı:
"Dünyada sadəcə ölülər ölmüş sayılmır, azadlığı olmayanlar da ölüdür”.
9 il "ölü” kimi yaşamaq, özü də bu müddəti dörd divar arasında günahsız keçirmək dəli olmağa səbəb ola bilər. Maraqlıdır ki, dünyada nadir yaşanan bu təcrübədə məhkumun həyatından "oğurlanmış” illərin qarşılığı nə olur və ya nə olmalıdır? Bununla bağlı konkret qanunverici akt olmasa da, günahsız yerə həbsdə yatmış şəxsin bunun kompensasiyasını maddi formada almaq hüququ var
Məsələ ilə bağlı ilk olaraq Aydın Qəhrəmanovun vəkili Tərlan Azayev bildirib ki, müvəkkili ilə bağlı tezliklə kompensasiya üçün müraciət edəcəklər:
"Bunu dövlət, prokurorluq, qanunsuz hökm çıxaran hakimlər, yoxsa kim ödəməlidir, bilmirəm. Amma istənilən halda məhkəmə qaydasında mülki iddia qaldıracağıq. 10 ilə yaxın bu insan günahsız yerə yatıb, çox şey itirib. Bununla bağlı son qanunvericiliyi dəqiq araşdırmalıyıq”.
Mövzu ilə əlaqədar danışan Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) kompensasiya alınması məsələləri üzrə ixtisaslaşmış vəkil Əsabəli Mustafayev deyib ki, məhkəmələr çalışmalıdırlar ki, hər bir şəxsə hesablanmış bəraətə görə eyni yanaşmanı göstərsinlər:
"Məsələn, REAL Partiyasının sədri İlqar Məmmədov bəraət alarkən, ona 234 min manat kompensasiya ödənilməsinə qərar verildi. Mən hesab edirəm ki, İlqar Məmmədova ödənilən kompensasiya məbləği azdır. Bu insanın həyatından 5 il gedir, ailəsindən, ictimai mühitdən, əmək fəaliyyətindən məhrum olur. Uzun müddət dərin psixoloji gərginlikdə yaşayırsan.
Hansı vətəndaşdan soruşsan, səni 1 il də həbsdə saxlasalar, nə qədər kompensasiya istəyərsən? 1 milyondan aşağı məbləğ deyən olmayacaq. Çünki azadlıq həqiqətən şirin nemətdir və onun qədrini azadlıqdan məhrum edilmiş şəxslər bilir. Ona görə də Azərbaycanda olan məbləğlər çox aşağıdır. Həm də ki, böyük məbləğlər məhkəmələri də səhv qərarlardan çəkindirir. Hazırkı məbləğlər azı üç dəfə artırılmalıdır. Amerikada, Avropada kompensasiya məbləğləri çox-çox yüksəkdir”.
Türkiyədə isə bir hərbçi 1981-ci ildəki hərbi çevrilişdə günahkar bilinərək həbs edilmiş, 6 ilə yaxın həbsdə saxlanılmışdı. 39 ildən sonra - 2020-ci ildə o, günahsız olduğunu sübuta yetirmişdi və işə bəraətverici əsaslarla xitam verilmişdi. Həmin şəxsin aldığı kompensasiyanın məbləği faizlərlə birlikdə 2 milyon lirə (dövrün məzənnəsi ilə 285 min dollar) olmuşdu.
Qeyd edək ki, hazırda AİHM-in qərarlarında standart olaraq 1 aylıq günahsız həbsdə yatmağa görə 1000 avro mənəvi təzminat nəzərdə tutulub. Bu hesabla Aydın Qəhrəmanov təxminən 200 min manat təzminat almalıdır. Lakin bu, sadəcə mənəvi təzminat hissəsidir. Maddi zərərə görə də əlavə olaraq məbləğ tələb etmək mümkündür. Çünki həbsdə olan zaman şəxs işini və dolayı yolla bütün gəlirlərini də itirmiş olur. Onu da əlavə edək ki, Avropa və Amerikada yerli məhkəmələrin təzminat məbləğləri bundan qat-qat üstündür.