Hulusi Akar Rusiyanın "taxıl sazişi"ndən çıxmasına münasibət bildirib
31.10.2022
"Rusiyanın "taxıl sazişi”ndən çıxması nə bu dövlətin, nə də Ukraynanın xeyrinədir”.
"DM” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
O bildirib ki, bu, gəmilərin ünvana çatmasını gecikdirəcək: "Beləliklə, limanlardakı sıxlıq daha da artacaq. Nəticədə gərginlik daha da çoxalacaq”.
H.Akar söyləyib ki, indiyədək 9, 3 milyon taxıl 409 gəmi ilə Ukrayna limanlarından ixrac olunub.
Milli müdafiə naziri vurğulayıb ki, Ukraynadan taxıl ixracı ilə bağlı təşəbbüslər davam etməlidir: "Ukrayna nümayəndələri ilə danışıqlar aparırıq. Axşam rusiyalı həmkarım Sergey Şoyqu ilə telefonla danışacağam. Biz hər zaman olduğu kimi, yenə də sülh üçün səylərimizi davam etdirəcəyik”.
H.Akar deyib ki, Türkiyə gərginliyin və toqquşmanın qarşısını almaq üçün üzərinə düşən nə varsa, onu edəcək.
Qeyd edək ki, iyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə tədarükü probleminin həlli üçün sənədlər paketi imzalanıb. Sazişlərdən biri Kiyevin nəzarətində olan Qara dəniz limanlarından taxılın ixracı prosedurunu tənzimləyir. Rusiya, Türkiyə, Ukrayna və BMT tərəfindən yaradılan İstanbulda Birgə Koordinasiya Mərkəzi silah qaçaqmalçılığının qarşısını almaq və təxribatları istisna etmək üçün taxıl daşıyan gəmiləri yoxlamaq üçün nəzərdə tutulub. Rusiya oktyabrın 29-da birtərəfli qaydada bu sazişdən imtina edib.