İstanbulda Türk Tibb Dünyası Konqresi keçirilir
31.10.2022
İstanbulda Türk Tibb Dünyası Konqresi keçirilir.
"DM"-nın verdiyi xəbərə görə, tədbir Türk Dövlətləri Təşkilatına üzv ölkələrinin səhiyyə nazirlərinin iştirakı ilə keçirilir. Konqres çərçivəsində "Tibb tarixinə Vəfa mükafatı”nın təqdimat mərasimi də baş tutacaq.
Toplantıda çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev tədbirin yüksək səviyyədə təşkil olunduğunu və ölkələr arasında əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verəcəyini vurğulayıb:
"İlk dəfə təşkil olunan Türk Tibb Dünyası Konqresi ölkələr arasındakı münasibətlərin yeni mərhələyə keçdiyini, çoxşaxəli istiqamətdə inkişafını və təşkilatın dayanıqlı platforma kimi nüfuzunun artdığının göstəricisidir”.
Türk Dövlətləri Təşkilatı çərçivəsində səhiyyə sektorundakı perspektiv imkanlarından danışarkən Teymur Musayev deyib ki, üzv və müşahidəçi ölkələrin coğrafi mövqeyi, demoqrafik göstəriciləri, əmək ehtiyatları, ixtisaslı işçi qüvvəsi, bazar həcmi, investisiya şərtləri nəzərə alınmalı mühüm amillərdir.
"Türk Dövlətləri Təşkilatına üzv ölkələrin vahid tibb elmi məkanının yaradılması, birgə elmi-tədqiqatların aparılması, vahid tibb təhsili standartlarının müəyyənləşdirilməsi, davamlı tibbi təhsilin təminatı birgə fəaliyyətimizin ilkin istiqamətləri kimi düşünülə bilir. Xüsusən COVID-19 pandemiyası hər bir ölkənin əczaçılıq məhsulları və tibbi avadanlıqlara olan tələbatını tam təmin etməsinin strateji məsələ olduğunu önə çıxardı. Bu baxımdan, Təşkilat çərçivəsində birgə dərman və tibbi avadanlıq istehsalı imkanlarını nəzərdən keçirməyi yüksək qiymətləndiririk”, - deyə Azərbaycanın səhiyyə naziri fikrini tamamlayıb.
Türkiyənin səhiyyə naziri Fahrettin Koca, Qazaxıstanın səhiyyə naziri xanım Ajar Giniyat, Qırğızıstanın səhiyyə naziri xanım Gülnara Baatırova və Özbəkistanın səhiyyə naziri Bexzod Musayev beynəlxalq tədbirin dünya ölkələrindən olan tərəfdaşlar arasında səhiyyə sahəsində əməkdaşlığın inkişafına, həmrəyliyinin təşviqi və möhkəmləndirilməsinə mühüm töhfə verəcəyini vurğulayıblar. Eyni zamanda, Türk Tibb Dünyası Konqresi iştirakçıların səhiyyə sahəsindəki bilik və təcrübələrini qarşılıqlı olaraq bölüşmələri üçün əvəzsiz fürsət yaradacaq.
Görüşdə Türk Dövlətləri Təşkilatının üzv ölkələrin səhiyyə sahəsində əməkdaşlıq; onların dərman, peyvənd tələbatlarının alternativ qarşılanması mexanizmin hazırlanması, birgə istehsal imkanlarının öyrənilməsi; birgə layihələr, təcrübə mübadiləsi və səhiyyə kadrlarının hazırlanması ilə bağlı fəaliyyətlər; TDT-nin üzv dövlətlərində "Birgə Sağlamlıq Həftəsi"nin təşkili; növbəti konqresdə birgə səhiyyə biznes forumu və səhiyyə sərgisinin təşkili kimi məsələlər ətrafında müzakirələr aparılıb.
Eyni zamanda, səhiyyə nazirlərinin toplantısında növbəti konqresin keçiriləcəyi ölkə müəyyənləşdi. Qərara əsasən, növbəti Türk Tibb Dünyası Konqresi Özbəkistanda keçiriləcək.
Sonda Türk Tibb Dünyası Konqresinin yekun sənədi - Birgə Bəyannamə qəbul edilib və xatirə şəkili çəkilib.
Qeyd edək ki, konqres çərçivəsində səhiyyə nazirlərinin iclası baş tutacaq, səhiyyə sahəsində əməkdaşlıq, birgə layihələr və gündəmdəki digər məsələlər ətrafında müzakirələr aparılacaq. Eyni zamanda, növbəti konqresin keçiriləcəyi ölkə müəyyən ediləcək.
Üç gün davam edəcək beynəlxalq konqresdə "Pandemiya və peyvənd”, "Tədqiqat və inkişaf”, "Süni intellekt”, "Xərçəng” və digər mövzular ətrafında da fikir mübadiləsi aparılacaq.
Konqresin açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nitq ilə çıxış edəcək.