Yeni nəşriyyat açıldı: 40 faizlik endirim
15.10.2018
Sumqayıtda "Bir-bir” adlı yeni nəşriyyat evi fəaliyyətə başlayıb.
Bu barədə nəşriyyatın təsisçisi Nurlan Babazadə məlumat verib.
O bildirib ki, nəşriyyat fəaliyyətə məşhur serb yazıçı-dramaturq Branislav Nuşiçin "Özbioqrafiyam” əsəri ilə başlayıb. Əsərdə uşaq tərbiyəsi, təhsil sistemi, din və cəmiyyət, dövlət idarəçiliyi, hərb sistemi, məhəbbət və ailə münasibətləri kimi mövzular uşaq dili ilə, incə yumor və sərt satira ilə işlənib.
"Bir-bir” nəşriyyatı yaxın gələcəkdə psixologiya, kino, fotoqrafiya və fəlsəfəyə dair nəzəri kitabları nəşr etməyi planlaşdırır.
N.Babazadə bir neçə gün sonra kampaniya başladacaqlarını deyib:
"Bir neçə gün sonra tələbələr üçün xüsusi endirim kampaniyamız olacaq: həftə ərzində bir universitetin tələbələri kitabımızı 40%-dək endirimlə əldə edə biləcək. Bu kampaniya növbə ilə bütün universitet tələbələrinə şamil olunacaq”.