Vaskunlahti: “Finlandiya şirkətləri Azərbaycanda biznes imkanları axtarır”
28.10.2022
"Finlandiyanın bir sıra şirkətlərinin təmsilçilərindən ibarət nümayəndə heyəti yerli sahibkarlarla işgüzar əlaqələr yaratmaq üçün Azərbaycanda səfərdədir”.
Bunu Finlandiya Xarici İşlər Nazirliyində Beynəlxalq ticarət üzrə dövlət katibinin müavini Nina Vaskunlahti deyib.
Onun sözlərinə görə, Finlandiya şirkətləri Azərbaycanda maşınqayırma, ekologiya və s. sahələrdə biznes qurulması imkanlarında maraqlıdır: "Finlandiya şirkətləri artıq hava limanında hava proqnozunun tərtib edilməsində fəal iştirak edirlər. "Yaşıl enerji” və enerji səmərəliliyi də maraq doğurarn əsas məsələlər sırasındadır, belə ki, ölkələr enerjidən səmərəli istifadə etməklə daha "yaşıl dünya”ya doğru addımlar atırlar".
Dövlət katibinin müavini Azərbaycana səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov ilə səmərəli görüş keçirdiyini diqqətə çatdırıb: "Biz enerji sahəsi də daxil olmaqla qarşılıqlı əməkdaşlıq məsələlərini və birlikdə nə edə biləcəyimizi müzakirə etdik. Biz birlikdə işləyə biləcəyimiz sahələr tapmalıyıq".
N.Vaskunlahti Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyində də görüş keçirdiyini və məişət tullantılarının idarə olunması sahəsində əməkdaşlıq imkanlarını müzakirə etdiyini diqqətə çatdırıb.