Ünvan lövhələrini qəsdən məhv edənlər məsuliyyətə cəlb olunacaqlar
27.10.2022
Ünvan lövhələrinin məhv edilməsi və ya zədələnməsi ilə bağlı dəymiş zərəri onların qəsdən məhv edilməsində və ya zədələnməsində təqsirli olan şəxslər ödəyəcəklər.
Bu, Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” fərmanında dəyişiklik edilməsi barədə fərmanında əksini tapıb.
Fərmana əlavə edilmiş digər yeni bəndlə isə daşınmaz əmlak obyektlərində yerləşdirilmiş ünvan lövhələrinin mövcudluğunu müəyyən etmək və mövcud ünvan lövhələrinin qorunub saxlanılmasına nəzarət etmək məqsədilə yerli icra hakimiyyəti orqanları mütəmadi monitorinq keçirəcək, ünvan lövhələrinin məhv edilməsi və ya zədələnməsi hallarını aşkar etdikdə bu barədə aidiyyəti üzrə məlumat verəcəklər.
Bundan başqa, dövlət vəsaiti hesabına maliyyələşdirilən tikinti obyektlərinə yerləşdirilmiş ünvan lövhələri dövlət mülkiyyəti hesab edilir. Ünvan lövhələrinin qəsdən məhv edilməsində və ya zədələnməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.