Görkəmli alim Xudu Məmmədovun ANIM GÜNÜDÜR
15.10.2018
"Dövran Media" tarix elmləri doktoru Nəsiman Yaqublunun Xudu Məmmədov haqqında yazdığı məqaləsini təqdim edir:
Yenicə hazırladığım "Azərbaycan Milli Azadlıq Hərəkatı Ensiklopediyası” (sovet rejiminə qarşı mübarizə (1920-1991) kitabımda görkəmli alim, professor Xudu Məmmədova xüsusi yer ayırmış və onun fəaliyyətinin öyrənilməyən tərəflərini araşdırmışam. Dekabrın 14-də görkəmli alimin anadan olduğu gün və həm də onun 90 illik yubileyidir. Hazırladığım ensiklopediyadakı "Xudu Məmmədov” bölümünü oxucuların diqqətinə çatdırıram.
Xudu Məmmədov 1927-ci il dekabrın 14-də Ağdam rayonunun (Azərbaycan) Mərzili kəndində anadan olub.
Ağdamda orta məktəbi bitirən Xudu Məmmədov Azərbaycan Dövlət Universitetinin Geologiya-Coğrafiya fakültəsinin Geologiya şöbəsində təhsil alıb.
Azərbaycanlı kristalloqraf-alim 1970-ci ildə geologiya-mineralogiya elmləri doktoru, 1973-cü ildə professor elmi adlarına layiq görülüb.
O, 1957-ci ildən Azərbaycan Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun struktur kimya laboratoriyasının müdiri vəzifəsində çalışıb. Əsas elmi işləri kristallokimya sahəsindədir.
Xudu Məmmədov 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilb.
O, 250 elmi əsərin, 10 müəlliflik şəhadətnaməsi və 3 monoqrafiyanın müəllifidir. Xudu Məmmədovun rəhbərliyi ilə 10 elmlər doktoru və 35 fəlsəfə doktoru yetişdirilib.
1990-cı ildə Xudu Məmmədovu (ölümündən sonra) Azərbaycan Xalq Cəbhəsinin İdarə heyəti milli-azadlıq hərəkatındakı xidmətlərinə görə Məhəmməd Əmin Rəsulzadə mükafatına layiq görülüb.
Xudu Məmmədov 15 oktyabr 1988-ci ildə Bakıda vəfat edib. Hazırda onun adını daşıyan Xeyriyyə Cəmiyyəti də fəaliyyət göstərir.
XUDU MƏMMƏDOVUN MİLLİ İRSİ
Xudu Məmmədov 1970-ci illərdə görkəmli sənətkar Üzeyir Hacıbəyovun xatirəsinə həsr etdiyi "Qoşa qanad” əsərini yazır. Əsərdə elm və sənətin vəhdəti ciddi araşdırılmışdı. Kitaba filosof Ziyəddin Göyüşov "Zirvəyə çağıran əsərlər” başlıqlı ön söz yazıb.
Kitab gəncliyin formalaşmasında, elmə, sənətə münasibətinin dərinləşməsində yüksək dəyərə malikdir.
Xudu Məmmədov göstərirdi ki, "İnsan yaradaraq yaranır – bu prosesə uyğun dəyişib yenidən yaranır”.
X.Məmmədova görə elmin qarşısında duran ən böyük problem həmişə quruluşla xassə arasındakı əlaqənin təbiəti olub.
X.Məmmədova görə, insanları elmi rəşadətə yönəldən əsas amil vətən istəyidir, vətəndir. Bu rəşadət nəticəsində yaranan elmi kəşflərin, sənət nailiyyətlərinin faydasını bütün insanlar görmüş, görür və görəcəkdir. Buna görə də güclü elmin və sənətin məkanı bəşəriyyətdir.
O bu dəyərli kitabında yazırdı: ”Elm və sənət insan mədəniyyətini yüksəklərə qal¬dı¬ran qoşa qanaddır. Quş tək qanadla uça bilməz. Uçuş, yük-səliş hər iki qanad eyni qüvvədə olduğu zaman əldə edilə bilər”.
1981-ci ildə "Naxışların yaddaşı” kitabı çap olunur (Məmmədov X.S., Əmirəslanov İ.R., Nəcəfov H.N., Mürsəliyev A.A. "Naxışların yaddaşı". Azərb.Dövlət nəşriyyatı. Bakı, 1981. 102 s) . O, bu kitabda qədim naxışların araşdırılması ilə türkçülüyün izlənilməsinin mümkünlüyündən danışırdı. Bu kitabda o, simmetriya qanunlarından və sıx yerləşmə prinsiplərindən istifadə edərək, müxtəlif tip fraqmentlər əsasında sonsuz tablolar toplusu yaratdı.
Milli naxışlar. Simmetriya nəzəriyyəsi. Xalqın oyanışı cəhdləri.
Xudu Məmmədovun televiziyadan "xalq”-"qalx” səslənişləri
Xudu Məmmədov 1954-cü ildə elmi müdafiə işini yekunlaşdırdıqdan sonra, milli-azadlıq mübarizəsinə doğru meyllənməyə başladı. Onun elə 1950-ci illərin sonundan Bəxtiyar Vahabzadə, Nurəddin Rzayevlə bu istiqamətdə ciddi söhbətləri olurdu. Əsas çalışmaları milli kadrların rəsmi şəkildə dövlət strukturlarına yerləşdirilməsi idi. 1960-cı illərdə isə Azərbaycanın dövlət rəhbərliyində olan Şıxəli Qurbanovla əlaqələri formalaşdı.
Xudu müəllim kristalloqraf idi. Əslində sənətdə simmetriya nəzəriyyəsinə də o, ciddi töhfələr vermişdi. Sənət və simmetriya nəzəriyyəsinə əsaslanan böyük alim arxeoloji toplantılarda, tarixi abidələrdə türk mənşəyinin olduğunu əsaslarla sübut edirdi. Çünki, orta əsrlərdəki tapıntılarda ərəb, fars təsirləri güclü idi. X.Məmmədov çoxlu sayda abidələrimizdə, məsələn Naxçıvandakı "Möminə Xatun” türbəsində "Allah” sözünün yazılmasına baxmayaraq, bu abidənin türk mənşəli olduğunu əsaslandırırdı. Onun Orxon-Yenisey abidələri ilə də bağlı maraqlı açıqlamaları var idi.
X. Məmmədov simmetriya nəzəriyyəsindən çıxış edərək, əsas nəzəriyyəni də irəli sürürdü: 1. Quruluş; 2. Ehtiyac. O, əsaslandırırdı ki, təbiətdə quruluşsuz heç nə yoxdur. Məsələn, suyun tərkibi H2O-dur. Daşın tərkibi nədən ibarətdir və s. X.Məmmədov əsaslandırırdı ki, təbiətdəki bu "quruluş”u cəmiyyət həyatında öyrənmək və tətbiq etmək lazımdır.
"Ehtiyac” nəzəriyyəsinə əsaslanan alim yazırdı ki, insanın görməyə, duymağa, hiss etməyə ehtiyacı olduğu kimi, insanlar arasında münasibətlərin də olmasına ehtiyacı var. İnsanlar bir-birindən öyrənməli, anlaşmalıdır ki, cəmiyyətdə stabillik yaransın.
Xudu müəllim əslində bu təbliğatı ilə insanları türkçülüyə, yaddaşa, tarixə maraqlı etməyə çalışırdı. Həmin dövrdə isə "türkçülük” baxışları tam qadağan edilmişdi.
Xudu müəllimin 1970-ci illərdə Azərbaycan televiziyasında apardığı "Elm və sənət” verilişi tamaşaçıların böyük marağına səbəb olurdu. Hətta bir verilişdə simmetriya nəzəriyyəsini əsas gətirərək, kağıza yazılmış "Xalq” sözünün, həm də tərsinə olaraq "Qalx” kimi oxunduğunu söyləmişdi: yəni Xalq - Qalx! (Ayağa qalx, mübarizəyə qalx mənasında).
XUDU MƏMMƏDOV – "XUDU NAXIŞ” KLUBU
Klubun üzvlərindən olan tanınmış tarixçi alim, professor Mahmud İsmayılovun təşəbbüsü ilə 1984-cü ildə Azərbaycanda ilk dəfə xalqımızın etnogenezis problemlərinə həsr edilən elmi seminar keçirildi. Seminarda məşhur tarixçi alim, professor S.Əliyarlı, etnoqraf Q.Qeybullayev, arxeoloq R.Göyüşov, antropoloq R.Qasımova və digər elm xadimləri iştirak edirdilər.
Bu, o dövr üçün ciddi bir tədbir idi. Sovet hökumətinin müəyyən dairələrində bu tədbir narahatlıq doğurmuşdu. Bu "narahatlığın” ifadəsi olaraq Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitutunun direktoru akademik İqrar Əliyev Moskva Mətbuatında çıxış edərək, seminar iştirakçılarını "pantürkist”, "millətçi burjua cərəyanının üzvləri” adlandırmışdı.
"Xudu Naxış klubu”nun üzvü olan Ənvər Börüsoyun xatırlamaları: 1974-cü ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində oxuyurdum. Hörmətli müəllimlərimdən biri olan Lətif Feyzullayev məni apardı İnşaat Mühəndisləri İnstitutunun Memarlıq fakultəsində bir toplantıya. Hər həftənin 5-ci günləri saat 15:00-dan sonra orada bir Mərkəzin toplantıları keçirilirdi. Mərkəzin adına "Xudu Naxış” məktəbi deyirdilər. Hər toplantıya 40-50 nəfər adam gəlirdi. Bu toplantıda o dövrün tanınmış ziyalıları olan Bəxtiyar Vahabzadə, Siyavuş Dadaşov (hazırda Qərb Universitetində estetika müəllimi), Cəfər Qiyasi, xalçaçı rəssam Lətif Kərimov, bəstəkar Aydın Əzimov (hazırda Bakı Musiqi Akademiyasında çalışır), Kərim Kərimov (Azərbaycan Elmlər Akademiyasının keçmiş prezidenti Mahmud Kərimovun atası), şair Şahmar Əkbərzadə, tanınmış mifoloq professor Mirəli Seyidov və digərləri iştirak edirdilər. Bu məktəbin rəhbəri tanınmış alim, professor Xudu Məmmədov idi. Bu, daha çox elmi bir təşkilat olaraq fəaliyyət göstərirdi. Buradakı söhbətlərdə, çıxışlarda "Türk milli sənətinin Ortaq bir sistem olması və ictimailəşdirilərək elmi konsepsiyaya çevrilməsi” fikri əsas götürülürdü. Mövzular isə müxtəlif idi: etnogenez məsələləri, muğam sənəti, dilçilik, ədəbiyyat, mədəniyyət və s. Yəni qeyd edilirdi ki, türk mədəniyyəti ilə bağlı bəzi məqamlar bizdə qorunub saxlanılır, qazaxlarda yox, yaxud özbəklərdə hansı bir milli dəyər var, türkmənlərdə yox, yaxud əksinə.
Təbiidir ki, bu fəaliyyətə mane olanlar var idi. Bəzi ziyalılarımız isə bunu açıq şəkildə edirdilər.
Qeyd edək ki, klubun tədbirlərinin keçirilməsi üçün şəraiti yaradan, o dövrdə İnşaat Mühəndisləri İnstitutunun Memarlıq fakultəsinin dekanı Ramiz Əbdülrəhimov idi. Bu problemin həllində Xudu Məmmədovun onunla yaxşı münasibətinin olması əsaslı rol oynamışdı.
Toplantılarda üçlük fəaliyyət sisteminə də üstünlük verilirdi. Yəni hər bir adam əlavə 3 nəfəri bu söhbətlərə cəlb etməli, onları maarifləndirməli idi. Klubun fəallarından olan Ənvər Börüsoylu xatırlayır ki, o, aşağıdakı üç nəfər ziyalını klubun təsirinə sala bilmişdi: Seyfəddin Məmmədəliyev, Fəxrəddin Məmmədəliyev, Yusif Hüseynov.
Klubun fəaliyyəti genişlənir və Azərbaycanın digər bölgələrinə də təsir edirdi. Artıq Azərbaycanın müxtəlif rayonlarında da klubun təmsilçiləri olan qruplar yaranmışdı. Həmin regionlar: 1. Gəncə. 2. Naxçıvan. 3. Şuşa. 4. Dərbənd. 5. Lənkəran. 6. Salyan. 7. Bərdə. 8. Beyləqan. 9. Quba. 10. Şəki.
Qeyd edək ki, Şəki bölgəsi çox fəal idi. Burada Ələfsər adlı bir vətəndaşın yaratdığı qrup ciddi işlər görürdü (sonradan bu qrup öz fəaliyyətini genişləndirib "Yurd” Cəmiyyətini yaratdılar). Burada əsas fəaliyyət sahəsi bölgənin tarixinin saxtalaşdırılmasının qarşısını almaq, milli fikri inkişaf etdirmək, bu torpağın gürcülərə, avarlara, ləzgilərə məxsus olması haqqındakı qeyri-obyektiv təbliğatın əsassız olduğunu yerli əhaliyə başa salmaq, onlarla söhbətlər aparmaq və s. idi. Tanınmış ziyalılardan tarixçi-professor Mahmud İsmayılov, iqtisadçı alim professor Qüdrət Əbdülsəlimzadə öz bölgələri olan Şəki ilə əlaqə saxlayır, yerlərə gedir, görüşlər keçirir, onlara müxtəlif ədəbiyyatlar verirdilər.
Şəkidən olan digər ziyalı Aşıq Sakit isə klubun Dağıstan üzrə vasitəçisi idi. O, həmin bölgədə xalq arasında təbliğat aparır, əhalini neytrallaşdırırdı.
"Xudu Naxış” klubunun fəaliyyətinə qarşı dövlət tərəfindən əks təşkilatlar da yaradılırdı. Belə təşkilatlardan biri "Qüdsi” adlanırdı. Bu qurum Bakı və Abşeron bölgəsindəki maddi-mədəniyyət abidələrinin qədim fars mənşəli olması istiqamətində zərərli və yanlış təbliğat aparırdı. Bu mövzuda ədəbiyyatlar buraxılır, televiziya və radioda çıxışlar edilirdi. Bu qurum Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Memarlıq və Tarixi Abidələrin Mühafizəsi İdarəsinin dəstəyi ilə fəaliyyət göstərirdi.
"Xudu Naxış” klubunun toplantılarında qədim Azərbaycan təsvirləri və xalq oyunlarının tədqiqatçısı, rəssam Elçin Aslanov da maraqlı məruzə ilə çıxış edirdi.
Əslində klubun bu fəaliyyəti ilə mövcud sovet elminin alternativi yaradılırdı. Tanınmış alim, klubun rəhbəri Xudu Məmmədov belə fikirləri önə çəkirdi: "Dəyərləndirmələrimizlə bağlı nə varsa, onun elmi konsepsiyasını qoymaq, onu müasir forma və məzmuna çevirmək”.
Çıxışlarında Xudu Məmmədov belə fikrə daha çox üstünlük verirdi: "Hər hansı bir ornamentin, qədim mifoloji inamların genetikaya necə çevrilməsi, abidələrdə təsviri yeri”. Bu, əslində tədricən Xudu müəllimin ciddi bir konsepsiyasına çevrilirdi.
Xudu müəllimin çıxışları çox maraqlı idi və Şərqin Qərblə uzlaşdırılmasını, sintezini, Qərbdən necə faydalanmağın vacibliyini konkret misallarla açıqlayırdı: "Üzeyir bəy dünya simfoniyasını öyrəndi, sonra gəlib bizim simfoniyamızı yaratdı”.
Klubun Sovetlər Birliyində yaşayan Türk xalqları üzrə sorumlusu isə Ənvər Börüsoylu idi. Xüsusən 1988-ci ildən ermənilər Qarabağ bölgəsi ilə bağlı Azərbaycana ərazi iddiaları irəli sürəndə Ə.Börusoylunun fəallığı ilə SSRİ-nin türk xalqları yaşayan aşağıdakı bölgələrində Azərbaycan xalqına dəstək məqsədi ilə "Qarabağ Komitələri” yaradılmışdı:
1. Özbəkistanda yaradılan Qarabağ Komitəsinin sədri – tanınmış hərəkatçı Məhəmməd Saleh (Özbək Xalq Hərəkatının tanınmış lideri).
2. Qazaxıstanda yaradılan Qarabağ Komitəsinin sədri - Rüstəm Yangujin (Qazaxıstan Elmlər Akademiyası, Fərabi adına İnstitutun elmi əməkdaşı).
3. Qırğızıstanda yaradılmış Qarabağ Komitəsinin sədri – Çaprasti Bazarbayev ("Ata Meken” Partiyasının sədri).
4. Çuvaşıstanda yaradılmış Qarabağ Komitəsinin sədri – Atner Xuzanqoy (Karate Federasiyasının Prezidenti).
5. Tatarıstanda yaradılmış Qarabağ Komitəsinin sədri –Zəki Zəynillin (istefada olan hərbi albay).
6. Başqırdıstanda yaradılmış Qarabağ Komitəsinin sədri – Artur İdilbayov ("Yəşlek” qəzetinin Baş redaktoru).
7. Dağıstanda yaradılmış Qarabağ Komitəsinin sədri – Amin İbrahimov ("Kumık iş” qəzetinin Baş redaktoru – milliyyətcə kumıkdır. O, eyni zamanda "Tenglik” Kumık Xalq Hərəkatı İdarə Heyətinin üzvü olub. Qeyd edək ki, kumıklar 1918-ci ildə "Müsavat” (bərabərlik - ərəbcədən tərcümədə) adlı bir qəzet də buraxıblar.
8. Çeçenistanda yaradılan Qarabağ Komitəsinin sədri – Almaz bəy Sariqov "Borz” ("Boz Qurd”) Gənclər Hərəkatının sədri.
9. Kabarda-Balkarda yaradılan Qarabağ Komitəsinin sədri – Yorslan Bolatov ("Balkar Milli liqası” İdarə Heyətinin üzvü).
10. Qaraçay-Çərkəs Muxtar Respublikasında yaradılan Qarabağ Komitəsinin sədri – Əhməd Salbakarov ("As-alan” Qaraçay Milli liqası İdarə Heyətinin üzvü).
11. Baltik Respublikasında isə Qarabağla bağlı məsul şəxs – Uildis Berzlinis (Bu şəxs "Dədə Qorqud” dastanını latış dilinə tərcümə etmişdi).
12. Estoniyada Qarabağla bağlı məsul şəxs – Linnar Myall (Estoniya "Özgürlük” Hərəkatının sədri).
13. Ukraynada Qarabağla bağlı məsul şəxs – Anatoli Lıpinos ("Ruh” Hərəkatının üzvü).
Bu ölkələrdə Qarabağ məsələsi ilə bağlı Azərbaycan xalqının mövqeyi müdafiə edilir, mətbuat konfransları keçirilir, ictimaiyyət məlumatlandırılırdı. Bəzi hallarda bu ölkələrdə erməni mövqeyində olanların qarşısı alınır, onlara dəstək verməkdən imtina edilirdi.
Bu çalışmaların digər bir uğurlu nəticəsi 1991-ci ildə baş verdi. Həmin ilin fevralın 22-də 33 Türk boyu bir araya gələrək, "Türk Xalqları Assambleyası”nın I Qurultayını keçirdilər. Qurultayda Türk Xalqlarının Milli və İctimai qurumlarının 112 təşkilatının 430 nümayəndəsi iştirak edirdi. Qurultayda sədrliyi mənşəcə Tatar olan türkoloq, filologiya elmləri doktoru Rafael Muxammedinov edirdi. Qurultayın başlıca məqsədi bu idi: öz ana dillərində məktəblər, bağçalar açmaq, ana dilində televiziya və radio verilişlərinin efir vaxtının artırılması, ana dilində elmi-tədqiqat işlərinin aparılması, bədii ədəbiyyatların nəşri və s. (Qeyd edək ki, həmin dövrdə əksəriyyəti tatarlar yaşayan Kazanda ana dilində nəinki məktəblər, hətta uşaq bağçaları belə yox idi).
Türk Xalqları Assambleyasının qurultayları 2005-ci ilədək davam etdi və ciddi problemlərin müzakirələri ilə yadda qaldı.
Xudu Məmmədov-Bəxtiyar Vahabzadə-Nurəddin Rzayev
üçlüyü
Onlar yaxın ideya və məslək dostları idi. Azərbaycan cəmiyyətində milli şüurun oyanmasında mühüm rol oynamışdılar. Yaşadıqları mənzillərdə
aydın və millətçi ziyalılarla gizli söhbətlər aparır, sovet rejiminin istismarçı mahiyyətini açıqlayırdılar.
Qeyd edək ki, tanınmış ziyalı, tibb elmləri doktoru, professor Nurəddin Rzayev (1929-2011) ixtisasca həkim-cərrah olsa da bu söhbətlərdə ciddi fəallıq göstərirdi.