Bakıda yaşayışın dəyəri HESABLANDI
15.10.2018
Dünyanın ən nəhəng məlumat bazası sayılan "Numbeo” beynəlxalq portalı müxtəlif ölkələrdən olan istifadəçilərin informasiyaları əsasında Bakıda həyatın dəyərini hesablayıb.
"Dövran Media" xəbər verir ki, nəşrin məlumatlarına əsasən, Bakıda dörd nəfərdən ibarət ailə ay ərzində 2353 manat xərcləyir və buraya kirayə haqqı daxil deyil.
Yalnız insanlara 657 manat qazanc əldə etmək kifayətdir.
Araşdırmada göstərilir ki, Bakıda həyatın dəyəri indeksi Nyu-Yorkdan 70,10% azdır.
Bundan sonra araşdırmada müxtəlif mallar və xidmətlərin orta qiyməti açıqlanıb. Belə ki, yerli pivənin 0,5 litri təxminən 1,5 manat təşkil edir. Xaricdən gətirilən pivə isə 2,5 - 6 manat arasında dəyişir.
Südün bir litri 1,2 - 2 manat arasındadır. Düyünün qiyməti 2,28 manat, 12 ədəd yumurta isə 2,10 manatdır. Yerli istehsal olan pendirin 1 kiloqramı 5-9 manat, siqaretin bir qutusu təxminən 4 manatdır.
Nəqliyyatdan istifadə bir istiqamət üzrə 30 qəpikdir, taksi ilə gediş bir kilometrə görə 40-70 qəpik, pik saatlarda 1-3 manat arasında dəyişir.
85 kvadrat metr ərazisi olan mənzilin kommunal xidmətləri üçün təxminən 70 manat ödənilir. Şəxsi evlərdə bu rəqəm aylıq 250-600 manat təşkil edir.
Şəhərin mərkəzində kirayə evlər təxminən 525 manat, kənarlarda isə 268 manatdır.
Bakının mərkəzində yaşayış evləri bir kvadrat metrinə görə təxminən 2272 manat, kənarlarda isə 1020 manat təşkil edir.