Moskvada Azərbaycanlı Qadınlar Birliyi yaradıla bilər
25.10.2022
Rusiya paytaxtında Azərbaycanlı Qadınlar Birliyinin yaradılması təklif olunub.
"DM"APA-ya istinadən xəbər verir ki, Rusiya paytaxtında yaşayıb müxtəlif sahələrdə, o cümlədən də diaspor işində fəal çalışan azərbaycanlı qadınları Moskva Azərbaycanlıları Milli-Mədəni muxtariyyəti öz platformasında bir araya gətirib.
Görüşdə ictimai, elmi, mədəni və başqa humanitar sahələrdə böyük xidmətləri olan qadın soydaşlarımız iştirak ediblər. Moskva Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənov müxtəlif sahələrdə uğurlu fəaliyyət apardıqlarına və diaspor həyatında aktiv iştirak etdiklərinə görə qadın soydaşlarımıza təşəkkürünü bildirib. Sədrlik etdiyi təşkilatın ümumilikdə azərbaycanlıların həmrəyliyi istiqamətində konsepsiyasından və həmin konsepsiyanın məramlarının reallaşması məqsədilə aparılan işlər barədə ətraflı məlumat verən diaspor rəhbəri qadınlarımızın da bu sahədəki böyük potensialını, onların quruculuq rolunu xüsusi vurğulayıb.
Görüşdə iştirak edən diasporun qadın fəalları səmərəli və işgüzar əməkdaşlıq formatının yaradılmasına görə Moskva Azərbaycanlıları Milli Mədəni Muxtariyyətinin idarə heyətinə təşəkkürlərini ifadə ediblər. Onların sözlərinə görə, bu əlverişli və faydalı əməkdaşlıq şəraiti Azərbaycan xalqının milli-mədəni irsinin və Azərbaycan həqiqətlərinin geniş təbliğatı üçün gözəl imkanlar açır, bir sıra maraqlı və perspektivli layihələrin uğurla gerçəkləşməsinə zəmanət verir. Fikir mübadiləsi formatında keçən görüşdə iştirakçılar Azərbaycan dilinin, mədəniyyətinin, adət-ənənələrinin təbliği istiqamətindəki konkret tədbirlərin həyata keçirilməsi və eyni zamanda Moskvada Azərbaycan mədəniyyət mərkəzinin və bu mərkəzin nəzdində müxtəlif tədris kurslarının açılması məsələləri ətraflı müzakirə olunub.
Azərbaycanlı gənclərin diaspor fəaliyyətinə aktiv cəlb edilməsi, onlara məktəb və ali təhsil ocaqlarında yardım göstərilməsi, sonradan işlə təmin olunması, təcrübəli azərbaycanlı müəllimlərin müxtəlif fənlər üzrə repetitor fəaliyyətinin təşkil edilməsi, çoxuşaqlı və aztəminatlı ailələrə yardım kimi təkliflər səsləndirilib.
Bəxtiyar Həsənov rəhbərlik etdiyi təşkilat daxilində özünün ayrıca strukturu, idarə heyəti və fəaliyyət planı olmaqla Azərbaycanlı Qadınlar Birliyinin təsis edilməsini təklif edərək bu yeni yaradılacaq quruma hərtərəfli dəstəyin veriləcəyini qeyd edib.