İran Qərbi Azərbaycanda İsrail casuslarını həbs edib
24.10.2022
İranın təhlükəsizlik qüvvələri Qərbi Azərbaycan əyalətində İsrailin MOSSAD kəşfiyyat xidməti ilə əlaqəsi olan 10 nəfəri həbs edib.
"DM" xəbər verir ki, bu barədə "Fars” agentliyi məlumat yayıb.
"Bu şəxslər MOSSAD zabitləri ilə birbaşa internet əlaqəsi saxlayıb, Qərbi Azərbaycan, Tehran və Hörmüzqan əyalətlərində fəaliyyət göstəriblər. Həbs edilənlərin əsas vəzifələri Qərbi Azərbaycan əyalətində İsraillə mübarizə sahəsində fəaliyyət göstərən İran kəşfiyyatçılarının kimliyini müəyyən etmək olub”, - məlumatda deyilir.
İddia olunur ki, onlar İranın təhlükəsizlik və kəşfiyyat qüvvələrinin bəzi üzvlərini öldürməyə cəhd ediblər:
"İsrail agentləri İran təhlükəsizlik qüvvələri ilə əlaqəsi olan bəzi şəxslərin avtomobillərini və evlərini yandırıb, onların şəklini çəkib MOSSAD əməkdaşlarına göndərmək üçün pul alıblar”.