03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Abdullahian Ermənistanda İranın iç üzünü açıb

21.10.2022

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Zəngilan Beynəlxalq Hava Limanının açılışına gəldiyi və burda həm də Zəngəzur dəhlizi mesajını verdiyi gündə İran XİN başçısı Hüseyn Əmir Abdullahianın tələsik Ermənistana getməsi və ordan bəyanat səsləndirməsi təsadüfi deyildi.

Ərdoğan "Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrdəki qorxu və narahatlıq reallıqdan uzaqdır. Qarabağda atılan bütün bu addımlardan sonra belə bir qorxuya ehtiyac yoxdur” deyərkən, məhz İranı qəsd edirdi. Hüseyn Əmir isə erməni həmkarı Ararat Mirzoyanla ötən gün keçirdiyi mətbuat konfransında İrəvana səfərinin əsas məqsədinin məhz "Fars körfəzi-Qara dəniz dəhlizi” olduğunu rəsmən elan etdi.

İranın Şərq-Qərb Orta Dəhlizinə alternativ "yeni dəhliz” ortaya atması və guya Zəngəzur dəhlizinə qarşı çıxmasının "səbəblərini” görüntüləməyə çalışması ciddi siyasi ziddiyyətlərlə müşayiət olunur:

1. İran sərhədlərin dəyişməsinin "qırmızı xətti” olduğunu dəfələrlə elan etməklə, Araz kənarına ordu yığmasının da məhz bununla bağlı olduğuna açıq şəkildə deməkdən çəkinmir.

Əgər dəhliz doğrudan da ərazi dəyişməsi və ərazi bütövlüyünə qarşıdırsa, İran niyə məhz Ermənistan ərazisindən "fars körfəzi-Qara dəniz dəhlizi” çəkməyə çalışır? Üstəlik, Azərbaycanın Ermənistan ərazisindən istədiyi və Ermənistanın 10 noyabr bəyanatı ilə üzərinə öhdəlik olaraq götürdüyü yolun uzunluğu cəmi 42 km da etmir, İran isə Ermənistanın tam bu başından o başına qədər, uzununa uzanan bir dəhlizdən bəhs edir. Əgər Zəngəzur dəhlizi Ermənistanın ərazi bütövlüyünə təhdiddirsə, "Fars körfəzi-Qara dəniz dəhlizi” Ermənistanı dövlət kimi yox etməlidir!

Maraqlı da budur ki, Fars körfəzindən Qara dənizə çıxış imkanı yaratmaq istəyən İran bu yola "dəhliz” məntiqi ilə yanaşır. Niyə "yol” yox, "dəhliz”? Bu dəhlizdən Ermənistan hansı iqtisadi fayda götürəcək? Neftini bu dəhlizlə daşıyacaq, yoxsa qazını?

Ermənistan bu yoldan ancaq ərik daşıya bilər ki, hazırda da bunu edir – heç bir yol infrastrukturuna da gərək yoxdur.

2. "Fars körfəzi-Qara dəniz dəhlizi” sözün hər mənasında xülyadır və İran düz 30 ildir ki, bu layihəni gerçəkləşdirə bilmir. Səbəb isə Ermənstanın Gürcüstanla sərhəd ərazilərinin dağlıq olması və nəqliyyatın hərəkəti üçün namünasibliyidir. Bu dağların altından tunel atmaq onmilyardlara başa gələn təhlükəli layihədir. Yalnız Yuxarı Lars yolunu "genişləndirməklə” bu yolun yükgötürmə qabiliyyətini artırmaq olar.

Yuxarı Lars yolu isə çətin dağlıq ərazidən keçir və qış fəslində tam, yaz və payız fəslində isə vaxtaşırı bağlanması ilə gündəmə gəlir. Bu yol o qədər məhdud imkanlıdır ki, hazırda bu yoldan istifadə edən yük maşınlarının özünü "ötürmək” imkanında deyil – vaxtaşırı olaraq Yuxarı Lars keçid məntəqəsində minlərlə maşın tıxacda ilişib qalır.

Bu yol nə qədər genişləndirilə və inkişaf edə bilər ki, rentabelli olsun?

3. İran regiondan kənar ölkələrin bölgəyə hər hansı formada gətirilməsinin əleyhinə olduğunu dəfələrlə bəyan edib və bu sözləri ötən gün Abdullahian İrəvandakı mətbuat konfransında da dedi. Erməni ekspertlər də bunun AB missiyası və ATƏT müşahidəçiləri adı ilə bölgəyə "üçüncü güclərin” gətirilməsinə etiraz olduğunu etiraf etdilər.

Buna baxmayaraq, Abdullahian İrəvanda "Hindistan-İran-Ermənistan” platforması qurmağı təklif etdi və bunu da məhz Fars körfəzi-Qara dəniz "dəhlizi” ilə əlaqələndirməyə çalışdı.

Qəribədir, Ermənistanın Qara dənizə çıxışı yoxdur; Qara dənizə çıxışı olan Gürcüstandır. Ermənistandan sonra Gürcüstan öz ərazisindən "dəhlizə” razılıq verməlidir ki, Qara dənizə gedib çıxa biləsən.

Belədə, sual olunur: sənin yeni "platforman” əgər doğrudan da "dəhliz” məntiqinə söykənirsə, Gürcüstan niyə bura daxil edilmir?

Son proseslər fonunda bu "üçlü platforma” arzusunun heç də iqtisadi olmadığı şübhəsi yaranır: Ermənistana hazırda silah satan yeganə ölkə Hindistandır; İrəvan-Dehli hərbi əlaqələri qurulur, əməkdaşlıqlar imzalanır – elə "dünən” müdafiə naziri Suren Papikyan Hindistanda bir sıra görüşlər keçirib – diqqət edək, Hindistanla son illər təmasları Mirzoyan aparmır.

İranın da Ermənistana silah yardımı etməsi və yaxud edə biləcəyi haqda vaxtaşırı mediada məlumatlar səsləndirilir. Bir neçə gün öncə İran parlamentinin erməni kökənli deputatı da elan etdi ki, İranın Ermənistana silah satması və yaxud hərbi yardım etməsinə heç kəs mane ola bilməz.

Beləliklə, Abdullahianın təklif etdiyi "Hindistan-İran-Ermənistan” platforması ən azı siyasi-hərbidir və bunun artıq dediyimiz səbəblərdən "iqtisadi platforma” olmaq ehtimalı sıfra bərabərdir.

Tehranın təklifi Pakistan-Azərbaycan-Türkiyə xəttinə alternativdir: Özünü Türkiyəyə, Hindistanı Pakistana, Ermənistanı isə Azərbaycana qarşı qoymaqla.

İran bütün vasitələrlə TDT və Orta Doğu siyasi-iqtisadi xəttinin baş tutmaması üçün özünü hər yola qoyur, hətta gedib Hindistanı "müttəfiq” tutur.

Maraqlıdır, bölgəyə aid olmayan güclərin regiona müdaxiləsinə qarşı çıxan İran niyə 3+3 platformasını dəstəkləmək əvəzinə yeni platforma təklif edir və Hindistanı regiona daxil etməyə çalışır?

Hindistanın bu məsələdə nə qədər həvəsli olduğu haqda məlumat yoxdur: buna çalışan İrandır.

4. İran Zəngəzur dəhlizinə mane olmaq üçün Zəngilan aeroportunun açıldığı günün sabahı – yəni bu gün Zəngəzurda İran Baş Konsulluğunun açılış mərasimini keçirəcək.

O konsulluğun hansı zərurətdən yarandığı, hansı iş görəcəyi olduqca mübahisəlidir və ümumiyyətlə, Zəngəzurda nə qədər əhali, nə qədər iranlı, nə qədər iqtisadi potensial var ki, İran təcili şəkildə orda konsulluq açmaq qərarı verir?

Bu konsulluğun da əlbəttə ki, iqtisadi-ticari münasibətlərlə heç bir əlaqəsi yoxdur: orda İran casuslarının və agentlərinin olacağına, qismən də olsa, konsulluğun müfahizəsi adı ilə İran güclərinin orda yerləşdiriləcəyinə şübhə yoxdur.

İran faktiki olaraq Zəngəzur dəhlizinin açılmasına qarşı güc faktına keçir: sabah dəhlizin açılması zamanı "İran konsulluğunun mühafizəsi” adı ilə qüvvələrini də bölgəyə daşımaq "hüququnu” əldə etmək üçün.

5. Rusiyanın Kalininqrad vilayətinə yolu bir neçə ölkənin içindən keçir – dəhlizdir və heç bir maneə də yaradıla bilməz. Məgər bu dəhliz Litvanın ərazi bütövlüyünü təhlükəyə atır? Əgər belə bir hal olsa, hazırda Rusiyaya qarşı bütün sanksiyalara qoşulan Litva fürsətdən istifadə edib, dəhlizi bağlamazdımı?

Ümumiyyətlə, dəhliz nə vaxtdan ölkənin ərazi bütövlüyünü pozan, sərhəd dəyişikliyinə səbəb olan hal sayılır? İran hansı beynəlxalq əsasla Ermənistanın 10 noyabr bəyanatı ilə üzərinə götürdüyü öhdəlikləri icra etməməsi üçün güc nümayişinə keçir?

İran açıq savaşa gedir və heç bir arqumenti, iqtisadi-siyasi əsaslandırmaları məntiqli deyil – nə Fars körfəzi-Qara dəniz layihəsi realdır, nə yeni platforması yürütdüyü siyasətə uyğundur, nə də iddiaları beynəlxalq hüquqa münasibdir.

Məqsəd nə yolla olursa-olsun, Zəngəzur dəhlizinin açılmasına, Orta Dəhlizin ciddi şəkildə fəaliyyətə başlamasına mane olmaq, Azərbaycan və Türkiyə xətti ilə Orta Asiyanın birləşməsinin qarşısını almaqdır.

Ancaq İranın nəyəsə nail olacağı ciddi şübhə altındadır. Ermənistanın hər an İrana xəyanət edəcəyinə hər kəs əmindir və artıq bu barədə erməni ekspertlər özləri danışmağa başlayıblar. Ermənistan ilk xəyanətini də edib və bu, davam edəcək!

İran yalnız müəyyən keçid dövründə böyük layihələrin qarşısının alınması üçün istifadə oluna bilər, ancaq Tehran rejiminə heç bir ölkə geniş imkan tanımayacaq – "platformasına” daxil etməyə çalışdığı Hindistan belə ABŞ-la müttəfiqliyi İranın iqtisadi deyil, siyasi buqələmunluğuna qurban etməyəcək.