Uşağa oyuncaq seçərkən nəyə diqqət edək?
13.10.2018
Oyuncaqlar uşaqların boş vaxtlarını doldurmağı üçün vasitə olaraq götürülməməlidir.
Bu sözləri psixoloq Könül Telmanqızı uşaqların asudə vaxtlarını necə keçirmələrinin onlara daha xeyirli olması barədə danışarkən deyib. Psixoloq bildirib ki, oyuncaqlar düşünülərək, düzgün və uşağın psixologiyasına uyğun seçilməlidir:
"Oyun həm də bir praktikadır. Uşağın gələcəkdə qarşılaşacağımız davranış formaları oyunla əldə edilir. Uşağa məcburi öyrədilən çox sayda etik qaydalar oyuncaqlarla oyun sırasında daha asan və maraqlı formada öyrədilə bilər. Eyni zamanda, onu da qeyd edim ki, oynadığı oyuncaqların, seçdiyi oyunun köməyi ilə uşaqlarda diqqət, qavrayış, hafizə, təfəkkür və təxəyyülün inkişafı üçün daha əlverişli şərait yaranmış olur. Oyuncaqlar düzgün və uşağın psixologiyasına uyğun seçilməlidir ki, gələcəkdə uşağın davranışında əlavə problemlər yaranmasın”.