21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Səbinə Əliyeva: Mina problemi çoxsaylı insan itkilərinə səbəb olur

19.10.2022

"Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürməklə bərabər irqi, etnik və dini zəmində kəskin nifrət siyasəti həyata keçirən Ermənistanın silahlı təcavüzü nəticəsində ölkəmizin ayrılmaz tərkib hissəsi olan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bütün iqtsadi və sosial infrastruktur 30 ilə yaxın işğal müddətində tamamilə dağıdılıb”.

"DM" xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ombudsman Aparatının 20 illik yubileyinə həsr edilmiş "Ombudsmanların və milli insan hüquqları təsisatlarının biznes və insan hüquqları sahəsində rolu” mövzusunda Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının Bakı Beynəlxalq Konfransında çıxışı zaman deyib.

Onun sözlərinə görə, işğal dövründə Ermənistan tərəfindən ərazilərimizdə basdırılmış çoxsaylı mina problemi yüz minlərlə məcburi köçkünün doğma yurdlarına təhlükəsiz qayıdışını ləngitməklə yanaşı, çoxsaylı insan itkilərinə səbəb olur və ərazinin iqtisadi baxımdan dirçəlişinə ciddi maneələr yaradır:

"Uzun illərdir ki, hüquqları pozulan keçmiş məcburi köçkünlərimizin işğaldan azad olunmuş öz ata-baba yurdlarına qayıtması, orada tamamilə məhv edilmiş infrastrukturun və ekosistemin bərpası, əlverişli biznes mühitinin yaradılıb inkişaf etdirilməsi üçün uzun zaman və külli miqdarda maliyyə vəsaiti lazımdır.

Azərbaycan Ombudsmanı olaraq, minalanmış ərazilərin dəqiq xəritələrinin ölkəmizə təhvil verilməsi ilə bağlı dəfələrlə beynəlxalq təşkilatlara müraciət etməyimizə baxmayaraq, təəssüf ki, Ermənistan hökuməti hələ də bu istiqamətdə hər hansı bir addım atmayıb. Əksinə beynəlxalq səviyyədə heç bir təzyiqə məruz qalmadığından daha da ruhlanaraq Azərbaycanın BMT tərəfindən tanınmış və hazırda işğaldan azad edilmiş ərazilərində təxribat-diversiya qrupları vasitəsilə minalama prosesini davam etdirməkdədir”.

Ombudsman deyib ki, qeyd olunan beynəlxalq hüquq pozuntuları ilə bağlı istər müharibə, istərsə də post-müharibə dövründə tərəfimizdən dəfələrlə beynəlxalq ictimaiyyətə müraciətlər edilmiş, toplanmış faktlar əsasında hesabat, müraciət və bəyanatlar hazırlanmış, müvafiq beynəlxalq təşkilatlara göndərilib:

"Hazırda ölkə başçısının müvafiq fərman və sərəncamları ilə işğaldan azad edilən ərazilərin bərpası və milli iqtisadiyyata sürətli inteqrasiyası, layiqli yaşayış şəraitinin yaradılması və dayanıqlı inkişafın təmin olunması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilməkdədir.

Bununla əlaqədar, iqtisadi və əmək resurslarının səmərəli idarə olunması; sahibkarlar üçün gömrük, vergi, eləcə də kommunal xidmətlər üzrə güzəştlərin müəyyən edilməsi; ekoloji təmiz texnologiyaların tətbiqi; dövlət-özəl sektor tərəfdaşlığının inkişaf etdirilməsi əsas istiqamətlər kimi müəyyən edilib. Qeyd olunan tədbirlər öz növbəsində insan hüquqlarının daha effektiv təmin olunması üçün zəruri şərait yaradacaq.

Hesab edirəm ki, ölkəmizin münaqişə və post münaqişə dövründə keçdiyi ağır və keşməkeşli yol, göstərdiyi əzmkarlıq və eləcə də əldə etdiyi təcrübə nümunə olaraq qəbul edilə bilər”