Ali Məhkəmə Əli Əliyevlə bağlı qərar verib
18.10.2022
Vətəndaş və İnkişaf Partiyasının həbsdə olan sədri Əli Əliyev barəsindəki qərardan verilmiş kasasiya şikayətinə baxılıb.
"DM" xəbər verir ki, Ali Məhkəmə 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus Mi-17 tipli helikopterində sağ qalan kapitan Ramin Ədilovun şikayəti ilə bağlı qərardan verilən şikayəti təmin etməyib.
Xatırladaq ki, Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus "Mi-17" tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq 5 ay müddətinə azadlıqdan məhrum olunub. Daha sonra R. Ədilovun şikayəti əsasında Yasamal Rayon Məhkəməsinin qərarına görə, Ə. Əliyevə 5 ay həbs cəzası təyin olunub. Təqsirləndirilən şəxs barəsində əvvəlki cəza müddəti ilə sonrakı cəza qismən toplanaraq ümumilikdə 6 ay azadlıqdan məhrum etmə cəzası seçilib.
VİP sədri sonuncu dəfə isə YAP-ın Binəqədə Rayon Təşkilatının sabiq sədri Ramiz Göyüşovun şikayəti əsasında məhkəməyə verilib.
VİP sədri Cinayət Məcəlləsinin 148 (təhqir) maddəsi ilə təqsirli bilinərək 6 ay azadlıqdan məhrum edilib. Onun əvvəlki cəzaları birləşdirilib yekun olaraq 1 il azadlıqdan məhrumetmə cəzası təyin olunub.
Hazırda Əli Əliyevlə bağlı başqa bir cinayət işi üzrə istintaq aparılır.