Bakıda Asiya Ombudsmanlar Assosiasiyasının iclası keçirilib
18.10.2022
Bu gün Bakıda Asiya Ombudsmanlar Assosiasiyasının iclası keçirilib.
"DM"”-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan Assosiasiyanın vitse-prezidenti, Azərbaycan Ombudsmanı son illər görülən işlərdən söz açıb.
O, Azərbaycanın Ombudsman təsisatının artıq 3-cü dəfədir iclasa ev sahibliyi etdiyini söyləyib.
Ombudsman bildirib ki, oktyabrın 19-20-də Ombudsmanların və Milli insan hüquqları təsisatlarının Bakı Beynəlxalq Konfransı keçiriləcək. Onun sözlərinə görə, toplantı "Biznes və insan hüquqları sahəsində Ombudsman və milli insan hüquqları təsisatlarının rolu” adlı mövzusunda baş tutacaq.
Tədbirdə çıxış edən Pakistan Federal Ombudsmanı Ejaz Əhməd Qureşi qeyd edib ki, təcrübələri bölüşmək və fikir mübadiləsi aparmaq assosiasiyanın əsas istiqamətlərindəndir. O, bu istiqamətdə səylərini artıracağını və daha geniş müstəvidə fəaliyyət göstərəcəklərini vurğulayıb.
Ejaz Əhməd Qureşi pandemiya dövründə insanların sağlamlığının qorunması üçün aparılan maarifləndirmə işlərində ombudsman təsisatlarının mühüm işlər gördüyünü diqqətə çatdırıb.
Türkiyənin Baş Ombudsmanı Şeref Malkoç isə xatırladıb ki, Vətən müharibəsi dövründə Ermənistan ballistik raketlərlə Azərbaycan şəhərlərini bombalayıb: "Nəticədə Azərbaycanın mülki vətəndaşları həyatını itiriblər. Biz Azərbaycan Ombudsmanının dəvəti ilə həmin şəhərlərdə olduq və insan hüquqları ilə bağlı hesabat hazırladıq. Həmçinin, Ermənistan tərəfindən Azərbaycan əraziləri minalanıb. Biz həmçinin Azərbaycanın işğaldan azad olunan ərazilərində də olduq. Həmin ərazilərdə Ermənistan tərəfindən basdırılan minalarla bağlı hesabat da hazırladıq".