“Maykl” 16 nəfərin həyatına son qoydu
13.10.2018
ABŞ-ın şərq sahillərində "Maykl” fırtınası nəticəsində həlak olanların sayı 16 nəfərə çatıb.
"The New York Times” qəzetinin yaydığı məlumata görə, Marianna şəhərinin polis rəisi Florida ştatının Cekson dairəsində üç nəfərin öldüyünü təsdiqləyib. Həmçinin Corciya, Virciniya və Şimali Karolina ştatlarında da ölüm halları qeydə alınıb.
Hazırda xilasedicilər dağıntıların arasında axtarışlar aparır. Həlak olanların sayının artacağı istisna edilmir.
Qeyd edək ki, 5 ballıq Saffir-Simpson cədvəli üzrə 4-cü kateqoriya gücündə qiymətləndirilən "Maykl” qasırğası oktyabrın 10-da ABŞ sahillərinə çatıb. Bundan sonra zəifləməyə başlayan fırtınanın gətirdiyi güclü külək və leysan yağışları ölkənin cənub-şərqində daşqınlara və dağıntılara səbəb olub.
Təbii fəlakət nəticəsində ABŞ-ın şərq sahillərində 1,5 milyon istifadəçi elektriksiz qalıb. ABŞ Prezidenti Donald Tramp gələn həftənin əvvəllərində "Maykl” fırtınasından ciddi zərər çəkən Corciya və Florida ştatlarına səfər etməyi planlaşdırır.