Bu həftə Azərbaycanda TDT dini liderlərinin görüşü keçiriləcək
17.10.2022
Bu həftə Azərbaycanda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini liderlərinin üçüncü görüşü keçiriləcək.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Mətbuat Xidmətindən bildirilib.
Bildirilib ki, Azərbaycan oktyabrın 19-21-də Türk Dövlətləri Təşkilatının müsəlman dini liderlərinin türk-İslam dünyasının məram və amallarına xidmət edən görüşlərinə və mənəvi birliyinin təşkilati baxımdan gerçəkləşmə tədbirlərinə ev sahibliyi edəcək. Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının təsis edilməsi məramı ilə Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev başda olmaqla Türkiyə dəyanət işləri sədri Əli Erbaş, Özbəkistan müftisi Nuriddin Xoliknazarov, Qazaxıstanın baş müftisi Naurızbay Taqanulı, Qırğızıstan müftisi Zamir Rakiyev, Türkmənistan müftisi Yalkab Xocaquliyev Azərbaycanda bir araya gələcəklər.
Türk Dövlətləri Təşkilatının müsəlman dini liderlərinin İstanbul və Türküstan görüşlərindən sonra üçüncü görüşü oktyabrın 19-da Bakıda, Gülüstan sarayında baş tutacaq. Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının Əsasnaməsi oktyabrın 20-də Türk dünyasının mədəniyyət paytaxtı elan olunmuş Şuşada imzalanacaq, birgə bəyanat qəbul ediləcək. Dini liderlər Şuşanın Yuxarı Gövhər Ağa məscidində birgə namaz qılacaqlar.
Oktyabrın 21-də Gülüstan sarayında Türk Dövlətləri Təşkilatının müsəlman dini liderləri və elm adamları "Türk-İslam irsinin zənginliyi və onun zamanımızın aktual problemləri qarşısında dəyəri” mövzusunda Beynəlxalq Konfransda bir araya gələcəklər. Türk coğrafiyasının tanınmış elm və din xadimlərinin iştirak etdiyi konfransda Türk-İslam sivilizasiyasının perspektivlərinə və dünyada sülh və təhlükəsizlik işinə töhfələrinə dair fikir mübadiləsi aparılacaq, qardaş xalqlarımız və dövlətlərimizin ortaq mənafe və ümumi maraqlarına xidmət edən addımlar müzakirə olunacaq. Həmin gün dini liderlər Heydər məscidində Cümə namazı qılacaqlar.
Tədbirlərdə TDT-yə üzv ölkələrin nümayəndə heyətləri, elm, din, siyasi və ictimai xadimləri iştirak edəcəklər.