Zəngilan Hava Limanına beynəlxalq status verilib
14.10.2022
Baş nazir Əli Əsədov Zəngilan Hava Limanına beynəlxalq status verilməsi barədə sərəncam imzalayıb.
"DM" xəbər verir ki, sərəncamda deyilir ki, Zəngilan rayonunda tikintisi başa çatdırılmış, beynəlxalq uçuşları yerinə yetirmək üçün müvafiq standartlara cavab verən hava limanına beynəlxalq status verilsin.
Xarici İşlər Nazirliyinə Zəngilan Hava Limanına beynəlxalq status verilməsi barədə müvafiq beynəlxalq təşkilatlara məlumat göndərməsi ilə bağlı tapşırıq verilib.
Zəngilan Hava Limanı üçün ICAO və IATA-nın beynəlxalq kodları (müvafiq olaraq UBBZ və ZZE), həmçinin EUROCONTROL təşkilatının naviqasiya vasitələrinin bütün çağırış siqnalları təyin edilib.
Aeroportun uçuş-enmə zolağının uzunluğu və eni müvafiq olaraq 3 000 metr və 60 metrdir. Obyekt ICAO-nun bütün tələblərinə əsasən uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün cihazlar üzrə enmə və naviqasiya sistemləri, işıq-texniki sistemlər, birincili və ikincili müşahidə radiolokasiya stansiyası ilə tam təchiz edilib.
Perronun sahəsi 60 min kvadrat metrdir.
Zəngilan Hava Limanı texniki cəhətdən tam komplektləşdirilib, bütün tələb olunan aeronaviqasiya avadanlıqları ilə təmin edilib, hava hərəkətini avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təchiz edilən HHİ qülləsinin tikintisi başa çatdırılıb.
Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad edilən Azərbaycan ərazisində Füzuli Beynəlxalq Hava Limanından sonra inşa olunmuş 2-ci hava limanıdır.