Zelenski: Rusiya Ukraynanın ərazi bütövlüyünü tanıyanda müharibə bitəcək
13.10.2022
Ukrayna Prezidenti Volodimir Zelenski AŞPA-nın payız sessiyası zamanı videokonfrans vasitəsi ilə çıxış edib.
"DM"-nın xəbərinə görə, o çıxışında Rusiyanın Ukraynaya qarşı hücumunun artıq 232 gündür ki, davam etdiyini xatırladıb.
"2019-cu ildə mən prezident seçiləndə Ukraynanın Rusiyaya görə Avropa Şurası ilə çətin münasibətləri var idi. Rusiya öz hücumlarını başlayanda siz Rusiyanı Avropa Şurasından çıxardınız, Rusiyaya qarşı qınayıcı qətnamələr qəbul etdiniz. Biz Avropa ilə dialoqa girə bilmişik, birlikdə sanksiyalarla Rusiyanı cəzalandırırıq. Avropa heç vaxt bu qədər güclü olmamışdı",- deyə V. Zelenski çıxışında bildirib.
O, qeyd edib ki, Ukrayna avropalı tərəfdaşları ilə dialoqa davam etməlidir ki, Rusiya hər şeyini itirsin və sülhün əhəmiyyətini başa düşsün. Prezident bildirib ki, buna görə də Avropanın Rusiyaya tətbiq etdiyi sanksiyalar böyük əhəmiyyət daşıyır.
"Biz bu il gördük ki, Rusiya dialoqu rədd edir. Onların danışdığı dil terror dilidir. Biz Ukraynanı və bəşəriyyəti qorumaq üçün sülhün, dialoqun tərəfdarıyıq. Bizim ərazi bütövlüyümüz tanınanda, Ukrayna torpaqlarına sülh geri qayıdanda müharibə də bitəcək",- o deyib.
Prezidentin çıxışı AŞPA-dakı parlamentarilər tərəfindən ayaqda alqışlanıb.