Nazir: Azərbaycan Ermənistana yeni sənəd təqdim edib - VİDEO
12.10.2022
"Azərbaycan sülh müqaviləsi üçün Ermənistana daha genişlənmiş elementləri təqdim edib”.
"DM" xəbər verir ki, bunu Bişkekdə azərbaycanlı jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Azərbaycan ilkin olaraq 5 baza prinsipi ilə Ermənistana təkliflər vermişdi. Bu yaxınlarda isə həmin baza əsasında yeni detallar İrəvana təqdim edilib.
Ceyhun Bayramov bildirib ki, Ermənistan təqdim edilmiş detallarla bağlı vaxt istəyib.
"Bizdə dəqiq məlumat yoxdur ki, növbəti görüşlər zamanı Ermənistan bizim təqdim etdiyimiz elementlərə hansı reaksiyanı verəcək, yaxud əlavə vaxt istəyəcəklər. Ancaq bir neçə istiqamətlər var ki, onların irəli aparılması bizim üçün önəmlidir”, - deyə o əlavə edib.
Nazir qeyd edib ki, ikitərəfli əsasda olan sülh müqaviləsi, kommunikasiyaların açılması və delimitasiya məsələləri görüşlər əsasında müzakirə olunur.
"Azərbaycan görüşlərdə öz məlum prinsiplərini çatdırır və bu istiqamətdə işləri irəli aparır. Oktyabrda delimitasiyaya dair komissiyaların iclası Brüsseldə keçiriləcək”.