Səhiyyə Nazirliyində Kubanın ölkəmizdəki səfiri ilə görüş keçirilib - FOTO
07.10.2022
Azərbaycan Səhiyyə Nazirliyində Kubanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Karlos Enrike Valdes de la Konsepsyon ilə görüş keçirilib.
Nazirlikdən bildirilib ki, görüşdə həmçinin Azərbaycanın Kubadakı fövqəladə və səlahiyyətli səfiri Ruslan Rzayev iştirak edib.
Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycan ilə Kuba arasında dostluq münasibətlərinin həm ikitərəfli, həm də çoxtərəfli formatda uğurla davam etdiyini vurğulayıb. Teymur Musayev bütün sahələrdə olduğu kimi, səhiyyə və tibb elmi sahəsində də əməkdaşlığın nümunəvi olduğunu diqqətə çatdırıb:
"2020-ci ildə COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətindəki tədbirlər çərçivəsində kubalı mütəxəssislərdən ibarət həkim briqadalarının ölkəmizə gəlməsi buna bariz nümunədir. Bu addım Azərbaycan və Kuba arasında ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir”.
Teymur Musayev çıxışında Kuba milli səhiyyə sisteminin dünyada ən yaxşı sistemlərdən biri olduğunu qeyd edib. Onun sözlərinə görə, yüksək ixtisaslı tibbi kadrların hazırlanması, innovasiyalar və tibbi turizm Kubanın dünyadakı vizit kartı hesab edilir.
Sonda Teymur Musayev ölkələrimiz arasında əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Öz növbəsində Karlos Enrike Valdes de la Konsepsyon Kubanın Azərbaycanla əlaqələrin inkişaf etdirilməsinə xüsusi diqqət yetirdiyini qeyd edib. Səfir bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğunu xatırladıb. Onun sözlərinə görə, Azərbaycan və Kuba arasında bir çox sahələrdə sıx əlaqələr mövcuddur:
"COVID-19 pandemiyası zamanı Kubadan həkim briqadalarının Azərbaycana gəlməsi bu münasibətlərin əyani göstəricisidir. İnanıram ki, əlaqələrimiz bundan sonra da inkişaf edəcək".
Sonda kubalı səfir, bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də dinamik əməkdaşlığın vacibliyini bildirib.
Konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçən söhbət zamanı dərman və digər əczaçılıq məhsulları sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.