Nikolun “hiyləsi” və Praqada İlham Əliyevin xəbərdarlığı
07.10.2022
Baş nazir Nikol Paşinyan Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə dilə gətirib və hər zaman da 1991-ci il 8 dekabr Almatı sənədini göstərib. İddia edib ki, Ermənistan zatən Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və biz bunu "təsdiqləməyə” hazırıq.
Erməni hiyləsidir, burda ciddi bir manipulyasiya üçün "pəncərə” açılırdı və Paşinyan da məhz bundan istifadə etməyə çalışırdı. Erməni baş nazirinin ağlına görə, 1991-ci ildə 8 dekabrda Almatıda MDB-nin yaradılması ilə bağlı sənəd müstəqillikdən sonra postsovet ölkələrinin beynəlxalq səviyyəli ilk sənədidir. Əgər buna imza atılıbsa, demək, qarşılıqlı olaraq ərazi bütövlüyü və suverenlik tanınıb.
İrəvanın "1991-ci il sazişi”ni bu qədər həyəcanla xatırlatmasının səbəbi o idi ki, 2 sentyabrda o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayəti guya "müstəqilliyini” elan etmişdi, Azərbaycan isə 18 oktyabrda Dövlət Müstəqilliyinin Bərpası haqda Konstitusiya Aktını qəbul etmişdi. Ona görə Ermənistanın eks-prezidentləri kimi, Paşinyan da guya Azərbaycanın müstəqilliyini elan edərkən Dağlıq Qarabağın onun tərkibində olmadığını iddia edirdilər. Köçəryanın "Dağlıq Qarabağ müstəqil Azərbaycanın tərkibində heç vaxt olmayıb” iddiası da buna əsaslanırdı.
Əlbəttə, bu avantüranı və manipulyasiyanı məhv edən yetərli dəlillər var.
1. Azərbaycan Ali Soveti (Milli Şura) Azərbaycanın dövlət müstəqilliyi haqda qərarı 30 avqust 1991-ci ildə vermişdi, yalnız Aktın hazırlanması vaxt aparmışdı.
2. Dağlıq Qarabağdakı separatçılar məhz Azərbaycan parlamentinin bu qərarından dərhal sonra, 2 sentyabrda "hüquqi zəmin hazırlamaq üçün” tez-tələsik "müstəqillik” elanına qaçmışdılar. Ancaq onlar atdıqları addımda beynəlxalq qanunlara tüpürdüklərinin və kimsənin onları saymayacağının fərqində idilər. Buna görə də "referendum” keçirilməsinə çalışmışdılar ki, bu oyun da 10 dekabrda oynanılmışdı.
Yəni faktiki olaraq Dağlıq Qarabağdakı ermənilərin "referendum”la müstəqilliklərini "qanuniləşdirmək” cəhdi nəinki Azərbaycanın müstəqilliyini elan etdiyi 18 oktyabrdan, hətta Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıdığı 8 dekabr 1991-ci il sazişini imzalamasından sonra baş tutmuşdu.
Paşinyan qaniçən, terrorçu və uşaq qatili sələflərinin sözünü təkrarlayaraq, "Ermənistan Azərbaycanın müstəqilliyini 1991-ci il 8 dekabr sazişi ilə tanıyıb, ancaq bunun Dağlıq Qarabağa aidiyyəti yoxdur” deyəndə siyasi riyakarlıq edir və bu iddianın nəinki qanuni, heç qanunsuz əsası da yoxdur.
Buna baxmayaraq, Praqadakı dördtərəfli görüşün nəticəsində qəbul edilən bəyanatda 1991-ci il sənədinə istinad erməni manipulyasiyasının davam edəcəyi və ənənəvi bəhanələr üçün fürsət olacağı şübhəsini ortaya çıxarır.
Buna görə də Praqada qəbul edilən sənədə diqqətlə baxmaq vacibdir. Sənəddə ilk olaraq "Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə sadiqliklərini bir daha təsdiqləyiblər...” ifadəsi əksini tapıb. Yəni 1991-ci il 8 dekabr sazişinə istinaddan öncə BMT Nizamnaməsinin əsas götürüldüyü xüsusi vurğulanır.
BMT isə birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyir: daha burada separatçıların yalançı "müstəqillik” nağılları və tanınmamış, qəbul edilməmiş, razılıq verilməmiş saxta "referendum”undan və "Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyünə dəxli yoxdur” kimi gülünc iddialara yer qalmır.
Beləliklə, Praqadakı sənəd Azərbaycan və Ermənistanın BMT Nizamnaməsinə uyğun, bir-birinin ərazisini qarşılıqlı olaraq tanıması haqda məhz ilk sənəddir – baxmayaraq ki, 1991-ci ilə istinad edilir. Ona görə ilkdir ki, Azərbaycan və Ermənistan BMT-yə 1992-ci ildə qəbul olunub.
Ancaq əlbəttə ki, Ermənistanın bununla Azərbaycanın ərazi bütövlüyünə hörmət edəcəyini gözləmək yersizdir. Ermənistan rəhbərlərinin imzalarına hörmətləri olsaydı, 1991-ci il 8 dekabrından sonra Azərbaycan ərazilərini həyasızcasına işğal etməzdilər; 7 mayda İranda atəşkəs danışıqları ilə baş qatıb, Şuşanı ələ keçirməzdilər və s.
Ermənistan heç vaxt imzasına, sözünə, beynəlxalq hüquqa hörmət etməyib və İrəvanın Praqa bəyanatına da sayğı göstərəcəyinə səmimi qəlbdən inanmaq çətindir. 1991-ci il sənədini Petrosyanın imzaladığı, daha sonrakı işğalları isə Köçəryan və Sərkisyanın apardığı, Paşinyanın bura aid olmadığı "arqumenti” gülüncdür. Əvvəla, ona görə ki, işğallar məhz 1991-ci il sənədinə imza atan Petrosyanın hakimiyyəti zamanı davam edib, ikincisi, Ermənistanda dövlətçilik ənənəsi yoxdur, nəinki özlərindən əvvəlkilərin, heç özlərinin imzalarına hörmət etmirlər və nəhayət, üçüncüsü, 10 noyabr bəyanatına imza atan Paşinyanın üzərinə götürdüyü öhdəliklərdən qaçmaq üçün hansı oyunlardan çıxdığını bilirik.
Bunu Prezident İlham Əliyev də Praqada mediaya verdiyi geniş müsahibəsində elan etdi. Prezident açıq mətnlə bildirdi ki, Paşinyandan Naxçıvana yol tələbinə dürüst cavab ala bilmir və bu, 10 noyabr bəyanatının pozulmasıdır: "Bu, mahiyyətcə artıq olmalı idi. Ona görə ki, bu, Ermənistanın 2020-ci il noyabrın 10-da götürdüyü, amma yerinə yetirmədiyi öhdəlikdir. Bu hətta gülməli deyil, çünki orada o qədər də böyük hissə yoxdur. Hamı bilir ki, dəmir yolu və avtomobil yolu haradan keçməlidir. Bizə Naxçıvana könüllü olaraq keçid vermək istənilməməsi anlaşılan deyil. Öz öhdəliyini pozmaq - əlbəttə, son dərəcə biabırçı faktdır. Lakin biz hələ səbir, təmkin göstəririk. Əminəm, biz buna da nail olacağıq, yaxşı olardı ki, gec deyil, tez olsun”.
Paşinyanın biabırçı şəkildə öz öhdəliyini pozması tez-tez təkrarlanır. 10 noyabrda kapitulyasiyaya imza atan Ermənistan digər öhdəliyini – öz silahlı birləşmələrini Azərbaycan torpaqlarından da hələ çıxarmayıb.
Bu baxımdan "Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdı” "ruh yüksəkliyini” manşetlərə daşımaq Azərbaycanın qalib statusuna yaraşmayan məsələdir. Birincisi, qoy, Ermənistan sevinsin ki, onu darmadağın edən Azərbaycan qalib olmasına baxmayaraq, Ermənistanın ərazi bütövlüyünü tanıdı.
İkincisi, etibarsız, öhdəliyinə və imzasına sayğı göstərməyən, beynəlxalq hüququ çeynəməklə məşğul olan Ermənistanla normal münasibətlər yalnız sərhədin müəyyənləşməsindən (və bu zaman hansı ilin xəritəsinin əsas götürülməsi də şərtdir - sabiq erməni deputat Naira Zöhrabyan 1919-1920-ci illər xəritəsinin gündəmə gətirildiyini bildirmişdi), 10 noyabr bəyanatının tələblərinin "nöqtə-vergülünə qədər” yerinə yetirilməsindən sonra mümkün ola bilər. Əgər ərazi bütövlüyünü tanıyıb, hələ də ərazi bütövlüyünü tanıdığı ölkədə separatizmlə, mina döşəməklə məşğul olursa, öz hərbi birliklərini hələ də Xankəndidə saxlayırsa, Ermənistana hansı etimaddan söhbət gedə bilər?
Prezident Praqa bəyanatı imzalanan ərəfədə artıq Ermənistana bunun xəbərdarlığını etdi, "Hələ səbir göstəririk” dedi.
"Hələ səbir göstərmək” "həmişəlik səbir göstərmək” demək deyil.
Prezident bu ifadəni işlədəndən sonra nələr baş verir, Paşinyan çox gözəl bilir.
Ona görə İrəvan tələssə yaxşıdır!